...

Nümayəndə heyətinin üzvü: "Avropa Şurasının Azərbaycanda seçki komissiyalarının təşkili ilə bağlı modeli kifayət qədər qüsurludur"

Siyasət Materials 18 Aprel 2007 19:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Seçki Məcəlləsinə təklif ondan ibarətdir ki, elə bir model tapılsın ki, hər iki tərəf bununla razılaşsın. Təəssüf ki, Azərbaycan müxalifəti öz iddialarından çıxış edərək optimal variantla razılaşmaq istəmir. Bu barədə hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Aydın Mirzəzadə AŞPA həmməruzəsçi Andres Herkelin Azərbaycanda seçki komissiyalarının tərkibinin dəyişdirilməsinin vacibliyinə dair səsləndirdiyi fikirləri şərh edərkən bildirib.

A.Mirzəzadənin fikrincə, Avropa Şurası tərəfindən təklif olunan modelin özü də kifayət qədər qüsurludur.

"İkinci bir arqument də səsləndirmək istərdim. Sabah hansısa bir məntəqədə, dairədə seçkilər başa çatdı, seçki komissiyalarında bir tərəfi təmsil edənlər qələbəni tanımaq istəmədi və protokola qol çəkmədilər, o zaman nə baş verəcək? Onda artıq həmin məntəqə və dairədə seçki baş tutmamış sayılacaq. Əgər bu, bütün 125 seçki dairəsi üzrə baş verərsə, onda vəziyyət nə cür olacaq? O zaman hakimiyyətin bir qolu formalaşmamış qalacaq", -deyə nümayəndə heyətinin üzvü qeyd edib.

A.Mirzəzadə bildirib ki, əgər bu vəziyyət prezident seçkilərində yaşanarsa, onda Azərbaycan ciddi problemlərlə üzləşə bilər.

"Ona görə də biz cəmiyyət üzərində nəticəsi bilinməyən eksperiment keçirməkdən bir qədər uzaq olmalıyıq. İndiyə qədər mövcud Seçki Məcəlləsi və seçki komissiyaları ilə üç seçki keçirilib, nəticlər də əsasən qəbul edilib", - deyə hakim partiyanın nümayəndəsi bildirib.

AŞPA-nın yaz sessiyasında Azərbaycanla bağlı qəbul edilən qətnamədə seçki komissiyalarının paritet əsaslarla formalaşdırılmasının vacibliyi öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti