...

Ahısxa türklərinin öz yerlərinə qayıtması ilə bağlı qanun Gürcüstan parlamentində müzakirəyə çıxarılacaq

Siyasət Materials 19 Aprel 2007 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ 1940-cı illərdə keçmiş SSRİ-nin rəhbəri İosif Stalin tərəfindən Sibrə və Orta Asiya ölkələrinə deportasiya olunan Ahısxa türklərinin öz yerlərinə qayıtmasını təmin edəcək qanun layihəsi aprelin sonu, mayın əvvəlində Gürcüstan parlamentində müzakirəyə çıxarılacaq. Bu barədə cümə axşamı Bakıda Azərbaycanda məskunlaşan Ahısxa türklərinin "Vətən" Cəmiyyətinin sədri İbrahim Burhanov məlumat verib.

Ahısxa türkləri layihənin ilkin variantında öz əksini tapan bir sıra müddəalara etiraz bildiriblər. Nəticədə beynəlxalq təşkilatların təzyiqi və dəstəyi ilə həmin müddəalar qanundan çıxarılıb. Ahısxa türkləri əvvəllər yaşadıqları yerlərdə məskunlaşmalarına şərait yaradılmasını istəyirlər. Gürcüstan hökuməti isə onları başqa yerlərdə məskunlaşdırmaq niyyətindədir.

Gürcüstan parlamentinin sədri Nino Burcanadze aprtıq qanun layihəsinin müzakirəyə çıxarılması ilə bağlı sənədi imzalayıb. Müzakirələrdə bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.

Gürcüstan Avropa Şurasına daxil olarkən öz üzərinə Ahısxa türklərinin doğma torpaqlarına qayıdışını təmin etməklə bağlı öhdəlik götürüb. Bu proses 2010-cu ilədək başa çatmalıdır.

Hazırda dünyanın müxtəlif ölkələrində 350 mindən artıq Ahısxa türki yaşayır. Azərbaycanda Ahısxa türklərinin sayı 14 minə çatır.

Xəbər lenti

Xəbər lenti