Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva/ Ötən ilin analoji dövrü ilə müqayisədə bu ilin birinci rübündə Azərbaycanda qeydə alınmış qəsdən adam öldürmə 13, dələduzluq 61, soyğunçuluq 34, xuliqanlıq 12, quldurluq 6 fakt azalıb.Bu barədə bazar ertəsi Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Törədilmiş qəsdən sağlamlığa ağır zərər vurma 10, oğurluq 37, narkotik vasitələrlə bağlı 28, avtonəqliyyat vasitələrinin qaçırılması ilə bağlı cinayətlər 7fakt artıb.Ötən dövrdə insan alveri ilə bağlı 55 fakt aşkarlanıb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 48.6 faiz çoxdur.Odlu silahla törədilən cinayətlər 29.2 faiz azalıb, ictimai yerlərdə, o cümlədən küçə və parklarda baş vermiş cinayətlər müvafiq olaraq 4.9 və 9.9 faiz artıb. Keçmiş illərdən bağlı qalmış 148 cinayətin açılması təmin edilib. Hesabat dövründə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin satışı ilə bağlı 261 fakt aşkar edilib və bu zaman qanunsuz dövriyyədən 71,87 kq narkotik vasitə götürülüb.Narkotiklərlə bağlı cinayətlərə görə 440 nəfər məsuliyyətə cəlb olunub.