...

"Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında" qanun layihəsi müzakirə olunub

Siyasət Materials 23 Aprel 2007 19:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin insan hüquqları, sosial siyasət, hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyalarının bazar ertəsi keçirilən birgə iclasında "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. Bu barədə bazar ertəsi Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Parlamentin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova bildirib ki, qanun layihəsinin Milli Məclisdə birinci oxunuşda müzakirəsi zamanı bir sıra rəy və təkliflər səslənib, işçi qrupları onların bir çoxunu nəzərə aldıqdan sonra layihə əsaslı surətdə təkmilləşdirilib.

Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov qeyd edib ki, sənəd Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyət istiqamətlərini və hüquqlarını, cəmiyyətin dövlət və yerli özünüidarə orqanları ilə qarşılıqlı münasibətlərini tənzimləyəcək. Eyni zamanda, cəmiyyət qeyri-hökumət təşkilatları üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlara malik olacaq.

Müzakirələr zamanı qanun layihəsinin mükəmməl hazırlandığı, ikinci oxunuşun tələblərinə cavab verdiyi vurğulanıb. Sonda qanun layihəsinin Milli Məclisin müzakirəsinə çıxarılması haqda qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti