...

Pənah Hüseyn: "İltizam Əkbərli Müsavat Partiyasının təmsilçisi kimi AŞPA-ya getməyəcək"

Siyasət Materials 25 Aprel 2007 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Müsavat deputat qrupunun bir üzvünün Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) əsas, bir üzvünün isə əvəzedici nümayəndə heyətinin tərkibinə daxil edilməsi ilə bağlı deputat qrupunun qərarı dəyişməz olaraq qalır. Bu barədə çərşənbə günü Bakıda Müsavat deputat qrupunun üzvü, millət vəkili Pənah Hüseyn məlumat verib.

P.Hüseyn qeyd edib ki, əgər onların tələbləri yerinə yetirilməsə, Müsavat Partiyasının təmsilçisi kimi Azərbaycanın AŞPA-dakı əvəzedici nümayəndə heyətinin tərkibinə daxil edilmiş deputat İltizam Əkbərli qurumun iclaslarında iştirak etməyəcək: "Müsavat deputat qrupunun bu məsələ ilə bağlı qərarı var. Həm Müsavat deputat qrupu, həm də Müsavat Partiyası Nəsib Nəsiblinin namizədliyini irəli sürüb. Buna baxmayaraq parlament rəhbərliyi İltizam Əkbərlini əvəzedici nümayəndə heyətinin tərkibinə daxil edib. Bu isə formal xarakter daşıyır. İltizam Əkbərli bu formal oyunda iştirak etmək niyyətində deyil. Amma yenə də əsas olan onun öz mövqeyidir".

Hüseyn qeyd edib ki, bu məsələni yaxın günlərdə Müsavat deputat qrupunda müzakirə edəcəklər.

Onun sözlərinə görə, Milli Məclisin rəhbərliyi İltizam Əkbərlinin nümayəndə heyətinin tərkibinə daxil edilməsi ilə bağlı rəsmi qərarı hələ də onlara təqdim etməyib.

Məsələyə İ.Əkbərlinin münasibətini öyrənmək mümkün olmasa da, millət vəkili bir müddət əvvəl bəyan edib ki, o, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibində fəaliyyət göstərməyəcək.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə bildirib ki, bu məsələdə onların əvvəlki mövqeləri dəyişməz qalır: "Həm Müsavat Partiyası, həm də Müsavat deputat qrupu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətində təmsil olunmaq üçün Nəsib Nəsiblinin namizədliyini irəli sürüb. Nəsib Nəsibli əvəzedici deyil, əsas nümayəndə heyətinin tərkibinə daxil edilməlidir, İltizam Əkbəri isə əvəzedici heyətdə qala bilər. Bu tələbimiz həyata keçirilməsə, İltizam Əkbərli AŞPA-ya getməyəcək".

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov isə bildirib ki, İ.Əkbərli Müsavat Partiyasının təmsilçisi kimi əvəzedici nümayəndə heyətinin tərkibinə daxil elilib və bu barədə Avropa Şurasına da məlumat verilib. İ.Əkbərli bitərəf millət vəkili Elmira Axundovanı əvəz edib.

Azərbaycanın AŞPA-dakı əsas nümayəndə heyətinin atlı üzvü var: Səməd Seyidov, Gültəkin Hacıyeva, Sabir Hacıyev, Əli Hüseynov, Rafael Hüseynov və Qənirə Paşayeva. Əvəzedici heyətdə isə Aynur Quliyeva, Aydın Mirzəzadə, Aydın Abbasov, İltizam Əkbərli, Fəzail İbrahimli və Əkrəm Abdullayev təmsil olunurlar.

Xəbər lenti

Xəbər lenti