...

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasına bu gün cavab verəcək

Siyasət Materials 25 Aprel 2007 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının aprelin 29-da keçirmək istədiyi yürüş-mitinqlə bağlı müraciətinə bu gün cavab verəcək. Bu barədə çərşənbə günü Bakıda Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib.

Onun sözlərinə görə, Müsavat Partiyasının müraciətinin cavablandırılması üçün qanunla nəzərdə tutulan müddət bu gün başa çatır: "Mən aprelin 25-də Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Zaur Ramazanovla danışdım. O bildirdi ki, ya bu gün, ya da sabah bizim müraciətimizə cavab verəcəklər".

Hacılı vurğulayıb ki, meriyaya ünvanladıqları müraciətdə bir ünvan- "Ukrayna" dairəsini göstəriblər. Aksiya Bakı Metropoliteninin "Həzi Aslanov" stansiyasının qarşısından yürüşlə başlayacaq və "Ukrayna" dairəsində mitinqlə davam etdiriləcək. Aksiyada əsasən sosial problemlərlə bağlı şüarlar səsləndiriləcək.

Qeyd edək ki, müxalifəti təmsil edən Müsavat Partiyası 20-ci əsrin əvvəllərində yaradılıb və 1992-ci ildə yenidən bərpa olunub. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Müsavat Partiyası Milli Məclisdə 5 deputatla təmsil olunur.

Xəbər lenti

Xəbər lenti