...

Müsavat Partiyasının başqanı: "Süni məsələlər ətrafında müzakirələr aparmaq fikrimiz yoxdur"

Siyasət Materials 27 Aprel 2007 11:45 (UTC +04:00)
Müsavat Partiyasının başqanı: "Süni məsələlər ətrafında müzakirələr aparmaq fikrimiz yoxdur"

Müsavat Partiyasının başqanı İsa Qəmbərin Trend ə eksklüziv müsahibəsi

ABŞ Dövlət Departamentinin insan haqları üzrə hesabatında Ermənistanın xeyrinə dəyişikliklər edildi və rəsmi Bakının etirazından sonra mətn əvvəlki kimi yazıldı. Sizcə, rəsmi Vaşinqtonun dəyişkən siyasət yeritməsinin səbəbi nədir?

ABŞ Dövlət Departamentinin insan haqları üzrə hesabatının Azərbaycana aid hissəsində Azərbaycanı təmin edəcək formula yazılıb, Ermənistana aid hissəsində isə Ermənistan hakimiyyətinin təzyiqlərindən sonra onların maraqlarına cavab verən formula tətbiq edilib. Təbii ki, bu, Amerikanın heç bir tərəflə münasibətləri pozmamaq şərti ilə bağlı mövqeyidir. Sözsüz ki, Azərbaycan tərəfi bu mövqe ilə razılaşmamalı idi və rəsmi Vaşinqtonun məsələyə prinsipial mövqe bildirməsini tələb etməliydi. Eyni zamanda hesab etmirəm ki, Azərbaycan bu hadisəyə görə Amerika ilə münasibətlərini gərginləşdirməlidir. ABŞ-la əməkdaşlıq Azərbaycanın maraqlarına cavab verir və bu əməkdaşlıq hərtərəfli inkişaf etdirilməlidir.

Azərbaycan hökuməti Avropa Şurasının Venesiya Komissiyası ilə Seçki Məcəlləsinə əlavə və dəyişikliklər ətrafında danışıqlar aparır. Sizcə, tərəflər konsensusa gələ biləcəklərmi?

Müsavat Partiyasının neçə illərdir ki, Seçki Məcəlləsinin təkmilləşdirilməsi və komissiyaların hakimiyyət və müxalifət arasında paritet əsasında formalaşdırılması təklifi qüvvədədir və biz beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurası Venesiya Komissiyasının bu mövqedən çıxış etməsini yüksək qiymətləndiririk. Təbii ki, biz danışıqların uğurla başa çatmasının tərəfdarıyıq.

Müsavat Partiyası üçün prinsipial olan məsələ nədir ki, partiyanın AŞ PA-dakı nümayəndəsində bu qədər israr edir?

Bizim İntizam Əkbərliyə və digər deputatlarımıza tam etimadımız var. Normaya görə, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin tərkibində ölkə müxalifəti təmsil olunmalıdır. Digər tərəfdən, parlamentdə YAP-dan sonra deputatların sayına görə Müsavat Partiyası ikinci yerdədir. Sadəcə biz Müsavat Partiyasına ayrılacaq yerdə Nəsib Nəsiblini görürük. Bu da onun keçmiş səfir kimi təcrübəsi, beynəlxalq münasibətlər dairəsində mütəxəssis olması ilə bağlıdır. İngilis, rus dillərini mükəmməl bilir. Bizim istəyimizə qarşı çıxılması isə qeyri-ciddi mövqedir.

Azərbaycan müxalifətinin bu günki durumunu necə qiymətləndirirsiniz?

Bu gün Azərbaycanda hakimiyyət demokratik prosesləri məhdudlaşdırır. Hesab edirəm ki, bütün problemlərə baxmayaraq, bu gün də Azərbaycan müxalifəti postsovet məkanında ən güclü müxalifət kimi fəaliyyətini davam etdirir.

Müxalifətin birgə əməkdaşlığı naminə yaranmış maneələrin aradan qaldırılması üçün hansı formatda müzakirələrə ehtiyac duyursunuz?

Müsavat Partiyası olaraq ölkədə demokratik dəyişikliklərin baş verməsi və Azərbaycanın problemlərinin həlli istiqamətində mübarizə aparırıq. Kimsə bu mübarizədə ya bizimlə, ya da ayrılıqda iştirak etmək istəyirsə, buna hörmətlə yanaşırıq. Süni məsələlər ətrafında müzakirələr aparmaq fikrimiz yoxdur.

Müsavat Partiyası ikiyə bölünən ADP-nin hansı tərəfini tanıyacaq?

ADP daxilində baş verən proseslər aydınlaşmaq üzrədir. Partiyanın tərəflərindən biri ADP adından imtina edərək yeni adla fəaliyyət göstərmək qərarı verdi. Bu da situasiyanı xeyli sadəlışdirdi. İndi o biri tərəf də qurultayını keçirəcək. Ondan sonra mövqelərini ortaya qoyacaqlar. Bizim də situasiyanı dəyərləndirmək və qərar vermək imkanımız olacaq. Görünən odur ki, hər iki tərəf demokratik əməkdaşlığa meylli görünürlər. Artıq tərəflərin biri Müsavat Partiyasına əməkdaşlıqla bağlı müraciət edib.

Müxalifətin blokalşma siyasətinə münasibətiniz necədir?

Bu, önəmli məsələ deyil. Əsas seçkilərin demokratik və şəffaf keçirilməsidir. Müsavat Partiyasının seçkilərə öz münasibəti var və hər zaman seçkilərdə iştirakın tərəfdarı olub. Sözsüz ki, prezident seçkilərində partiyanın öz namizədi olacaq.

Xəbər lenti

Xəbər lenti