...

Milli Məclis sədrinin birinci müavini: "Azərbaycanın hərbi doktrinası müdafiə xarakteri daşıyır"

Siyasət Materials 27 Aprel 2007 14:43 (UTC +04:00)
Milli Məclis sədrinin birinci müavini: "Azərbaycanın hərbi doktrinası müdafiə xarakteri daşıyır"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri, Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun Trend ə eksklüziv müsahibəsi  

- NATO Parlament Assambleyasnın yaz sessiyasının gündəliyi məlumdurmu və Azərbaycanın qurumdakı nümayəndə heyəti hansı məsələləri gündəmə gətirməyi planlaşdırır?

- May ayının sonlarında Portuqaliyada NATO Parlament Assambleyasının yaz sessiyası olacaq. Azərbaycanın qurumdakı nümayəndə heyəti də bu toplantıda iştirak etməyə hazırlaşır. Bizdə olan məlumatlara görə, Parlament Assambleyasının sessiyasının maraqlı gündəliyi var. Bu dəfə gündəliyə daha çox dünyada baş verən proseslərlə bağlı məsələlər salınıb. Ümumiyyətlə, yaz sessiyasının gündəliyində Azərbaycan və Cənubi Qafqaz ölkələri ilə bablı hər hansı məsələ yoxdur. Ancaq nümayəndə heyəti ölkəmiz üçün maraqlı olan məsələlərlə bağlı aparılan müzakirələrdə fəal iştirak edərək, qaldırılan problemlərə münasibətlərini bildirəcəklər.

Biz demək olar ki, bütün sessiyalarda Dağlıq Qarabağ məsələsini qaldırırıq. Ancaq indi müzakirə olunacaq mövzunun bu məsələyə uyğun gəlib-gəlməməsinə baxacağıq. Keçən payız sessiyasında Dağlıq Qarabağ məsələsini gündəmə gətirdik. Orada NATO PA-nın Təhləkəsizlik və Müdafiə məsələləri komitəsində qətnamə də qəbul olundu. Sessiya çərçivəsində NATO PA-nın sədri ilə görüşüb, bu məsələni müzakirə etməyi planlaşdırırıq.

- NATO rəhbərliyi Azərbaycanın Müdafiə Nazirliyində çalışan mülki şəxslərin sayının artırılmasını və müdafiə nazirinin müavinlərindən birinin mülki şəxs olmasını tələb edir. Bu məsələnin həyata keçirilməsi realdırmı?

- NATO-nun Cənubi Qafqaz və Orta Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Robert Simmons Azərbaycana gələrkən mənim də onunla görüşüm oldu. Bu qurumla bizim "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Müdafiə Nazirliyində çalışan mülki şəxslərin sayının artırılmasını və müdafiə nazirinin müavinlərindən birinin mülki şəxs olması Azərbaycanın qarşısında qoyulan öhdəliklərdən biridir. Onlar bildirirlər ki, müavinlərdən birinin mülki şəxs olması daha yaxşı olar. Azərbaycan bu təklifə etiraz etmir. Hesab edirəm ki, gələcəkdə mümkün olan bir məsələdir.

- Müharibə şəraitində olan ölkədə bu addımın atılması nə dərəcədə doğru olardı?

- Robert Simmonsla görüşdə o özü də bildirdi ki, Azərbaycanın müharibə şəraitində olmasını, ərazilərinin işğal edilməsini, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğunu, bir milyon qaçqın amilini çox həssaslıqla anlayırlar. Onun dili ilə desək, bu məsələdə Azərbaycana təzyiq etmirlər.

Mən tam səmimi bildirirəm ki, Azərbaycanla NATO və qurumun Parlament Assambleyası arasında olan münasibətlər siz fikirləşdiyinizdən də yüksək səviyyədədir. Əsas odur ki, NATO və Azərbaycan rəhbərliyi arasında çox gözəl konstruktiv anlaşma var. Bəzən mənə konkret sual verilir ki, Azərbaycan NATO-ya nə zaman qəbul ediləcək. Azərbaycanın hansı bölgədə yerləşməsini və müharibə şəraitində olmasını nəzərə alsaq, məsələnin bu cür qoyuluşu heç də düzgün deyil. Əlbəttə əməkdaşlıq dərinləşir və inteqrasiya gedir. Simmons da bildirdi ki, Azərbaycanla NATO arasındakı münasibətlərin səviyyəsindən razıdır.

- 2007-ci ildə Azərbaycan ordusu tamamilə NATO standartlarına keçməlidir. Qarşıda hansı məsələlər var ki, onların həyata keçirilməsi Azərbaycan ordusunun NATO standartlarına inteqrasiyasını sürətləndirə bilər?

- Burada həll oluna bilməyən məsələlər yoxdur. NATO rəsmiləri ilə görüşlərdə də vurğulamışıq ki, Azərbaycanda islahatlar gedir. O cümlədən, hərbi sahədə aparılan islahatlar da davam etdirələcək. Ancaq Dağlıq Qarabağ münaqişəsi bizə əngəl olan ən böyük problemdir. İslahatların daha sürətlə aparılması üçün NATO rəhbərliyi və Parlament Assambleyası münaqişənin həllində bizə dəstək etməlidir. Ancaq onlar vurğulayır ki, bu işlə Minsk Qrupu məşğuldur. Lakin biz dəfələrlə onlara çatdırmışıq ki, Minsk Qrupunun bu istiqamətdə hansısa fəaliyyətini görmürük. Ona görə də NATO Parlament Assambleyasında məsələ qaldırmışıq ki, qurum Avroatlantik məkanda təhlükəsizlik arxitekturasının qarantı kimi bu məsələyə konkret münasibət bildirməlidir. Təssüf ki, bu münasibət hələ də bildirilməyib.

- Azərbaycan Avropa Şurasına daxil olarkən öz üzərinə "Alternativ hərbi xidmət haqqında" qanunun qəbul olunacağı haqqında öhdəlik götürüb. AŞPA yaz sessiyasında qəbul edilən qətnamədə də bu məsələyə toxunulub. Milli Məclis bu qanunu nə vaxt qəbul etməyi planlaşdırır?

- Bu qanun layihəsi demək olar ki, hazırdır. Müvafiq təşkilatların rəyləri də bizə daxil olur. Ümumiləşdirilmə aparılandan sonra məsələni müzakirəyə çıxarmaq mümkündür.

Milli Məclis kollegial orqandır və onun bununla bağlı qərarı olacaq. Yəni qərarın verilib-verilməməsi komissiya sədri kimi mənim mülahizəmdən asılı deyil. Ancaq bir vətəndaş kimi bu gün mən həmin qanunun qəbuluna ehtiyac görmürəm. Çünki Azərbaycan müharibə şəraitindədir. Bundan başqa digər nüanslar da var. Məhz Dağlıq Qarabağ münaqişəsi və digər amillər həllini tapdıqdan sonra "Alternativ hərbi xidmət haqqında" qanunun qəbulu mümkündür.

- Azərbaycanın Milli təhlükəsizlik konsepsiyası və "Hərbi doktrina"nın qəbulu niyə geçikir?

- Bu məsələ ilə bağlı prezident İlham Əliyevin sərəncamı ilə xüsusi bir komissiya yaradılıb. Güman edirəm ki, istər hərbi doktrina, istərsə də Milli təhlükəsizlik konsepsiyası ilə bağlı hər iki sənəd bu il parlamentdə qəbul olunacaq.

Bizim heç bir dövlətin ərazisinə hücum etmək fikrimiz yoxdur. Hərbi doktrinamız müdafiə xarakteri daşıyır. Sənəd Azərbaycanın torpaqlarının və dövlətin ərazi bütövlüyünün qorunması, xalqın rifahının təmin edilməsi xarakterini daşıyır.

- AŞPA-nın yaz sessiyasında Azərbaycanla bağlı qəbul edilən qətnamədə Seçki Məcəlləsinə dəyişikliklərin edilməsinin vacibliyi qeyd olunub. Bu məsələ yaxın vaxtlarda parlamentdə müzakirəyə çıxarıla bilərmi?

- Biz həmişə vurğulamışıq ki, istənilən normativ hüquqi sənəd təkmilləşdirilməsi üçün hər zaman açıqdır. Biz müzakirələrdən heç bir zaman boyun qaçırmamışıq. Ancaq səmərələşdirici, Azərbaycan xalqının, dövlətinin milli maraqlarına xidmət edən dəyişikliklərdən söhbət getməlidir. Əgər kimsə Qərbdə oturub oyunlar oynamaq istəyirsə, bu Azərbaycanda keçməyəcək. Hansısa təkliflər Azərbaycanda seçki praktikasının həqiqi mənada təkmilləşdirilməsinə, prosesin daha yaxşı getməsinə kömək edə bilər, həmin təklifləri müzakirə və qəbul etməyə hazırıq.

- Seçki komissiyalarının tərkibinin paritet əsaslarla formalaşdırılması təklifinin qəbul olunması mümkündürmü?

- Hesab edirəm ki, seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması mümkün deyil. Tək mən yox, müxalifət liderlərinin də bir çoxu paritet prinsipinin əleyhinədirlər. Onlar da bilirlər ki, əgər komissiyalar paritet əsaslarla formalaşdırılsa, seçkilər pozulacaq.

- Seçkilərin keçirilməsinin hansısa dövlət qurumuna tapşırılması təcrübəsinin Azərbaycanda da tətbiq olunması mümkündürmü?

- Ümumiyyətlə, Avropa ölkələrinin heç birində Mərkəzi Seçki Komissiyası deyilən anlayış yoxdur. Seçkilərin keçirilməsi bu və ya digər dövlət orqanının səlahiyyətlərinə daxildir. Azərbaycanda bu proses müstəqil bir dövlət qurumuna tapşırıldığı bir halda müxalifət müxtəlif şər və böhtanlar atır. Bu iş dövlət qurumuna tapşırıldıqda vəziyyətin necə olacağını təsəvvür edin. Ona görə də bu barədə danışmaq hələ tezdir.

- AŞPA qətnaməsində Azərbaycan parlamentinin səlahiyyətinin artırılması tövsiyə edilir.

- Azərbaycanda parlamentin kifayət qədər səlahiyyəti var. AŞPA-nın hansı səlahiyyətləri nəzərdə tutduğunu bilmirəm. Əgər AŞPA nümayəndələri Azərbaycan Konstitusiyasını oxuyublarsa görməliydilər ki, Azərbaycan parlamentinin kifayət qədər səlahiyyəti var. 2002-ci ildə keçirilən referendumla Milli Məclisə əlavə səlahiyyətlər verilib. AŞPA nə təklif edir onu ortaya qoysun, biz də ona münasibətimizi bildirək.

- "Gündəlik Azərbaycan" qəzetinin baş redaktoru Eynulla Fətullayevin həbs olunmasını neçə qiymətləndirirsiz? Beynəlxalq təşkilatlar tələb edirlər ki, Azərbaycanın Cinayət Məcəlləsindən böhtana görə cinayət məsuliyyətinə cəlb etməni nəzərdə tutan maddə çıxarılsın. Bu mümkündürmü?

- Azərbaycan hüquqi, demokratik və dünyəvi dövlətdir. Heç kimdə belə bir illüziya yaranmasın ki, mən jurnalistəm və ya haradasa işləyirəm, əlahiddə hüquqlara malikəm. Eynulla Fətullayev konkret ittiham əsasında cinayət məsuliyyətinə cəlb olunub və cəzası da verilib. Ona görə də bundan xüsusi ajiotaj yaratmağın mənası yoxdur. Əvvəlki dövrlərdən fərqli olaraq biz kimlərinsə qəzetlərdə yazılmış yazılara görə qanunsuz haqq-hesab çəkməsinə qarşıyıq. Əgər vətəndaşa şər və böhtan atılırsa, təhqir edilirsə, yaranmış mübahisənin həlli yolu yalnız məhkəməyə müraciət etməkdir.

Cinayət Məcəlləsindən müvafiq maddənin çıxarılmasına gəlincə, bu gün belə bir maddənin mövcudluğu halında yenə də qəzetlər şər, böhtan və təhqirlər yazırlar. Bu maddə məcəllədən çıxarılsa, görün nələr baş verər. Ona görə də sözügedən addımın atılması tezdir.

Xəbər lenti

Xəbər lenti