...

Tahir Kərimli: "Prezident seçkisində müxalif namizədlər əvvəlki seçkilərdə topladığı səslərin üçdə biri qədər də səs almayacaq"

Siyasət Materials 7 May 2007 18:18 (UTC +04:00)
Tahir Kərimli: "Prezident seçkisində müxalif namizədlər əvvəlki seçkilərdə topladığı səslərin üçdə biri qədər də səs almayacaq"

Azərbaycan, Bakı / Trend müxbir S. İlhamqızı /

Vəhdət Partiyasının sədri Tahir Kərimlinin Trend Agentliyinə müsahibəsi

- Tahir bəy, Vəhdət Partiyasının son dörlərdə fəaliyyəti hiss olunmur. Təşkilat siyasi arenada passiv mövqe tutub. Bu nə ilə bağlıdır?

- Vəhdət Partiyasının mətbu orqanları olmadığına görə fəaliyyəti mütəmadi şəkildə kütləvi informasiya vasitələrində işıqlandırılmır. Ancaq Vəhdət Partiyası fəaliyyətdədir. Mayın 15-də orta əsrlərin və bütün əsrlərin mütəfəkkiri sayılan Abbasqulu ağa Bakıxanovun vəfatının 160 illiyi münasibəti ilə "Bakı və Kəndlər Birliyi" ilə birlikdə böyük bir konfrans keçirmək fikrimiz var. Partiyanın hər həftə Siyasi Şurası toplanır və ölkəmizdə, beynəlxalq aləmdə baş verən hadisələrə reaksiya bildirilir. Sonuncu dəfə Siyasi Şura Avropa Şurasının Azərbaycanda insan haqları ilə bağlı dinləmələri və qərarını, Mehriban xanım Əliyevanın amnistiya ilə bağlı təkliflərini müsbət qiymətləndirib. Prezidentin sahibkarlığın inkişafı ilə bağlı verdiyi fərmanını və Qarabağ münaqişəsi ilə bağlı bəyanatını müsbət dəyərləndiririk.

Bəzən Siyasi Şuranın qərarları və partiyada görülən işlər press-relizlər vasitəsilə mətbuata ötürülür və əksər zamanlarda mətbuat bunu çap etmir.

Rayon təşkilatlarında iş gücləndirilib, bir sıra rayonlarımız artıq yerli qərargahlarla təmin olunub. Eyni zamanda bu ilin ortalarında Vəhdət Partiyası Baş Məclisinin keçirilməsinə hazırlaşırıq. Məclis partiyanın qurultayının keçirilməsinə və vaxtına dair qərar verəcək, prezident seçkiləri ilə bağlı müəyyən məsələlər qaldırılacaq, Vəhdət Partiyasının siyasi kursunu təsdiq edəcək.

- Vəhdət Partiyası uzun müddət müxalifətdə təmsil olunub, hazırda Sizin iqtidara və müxalifətə münasibətdə siyasi kursunuz nədən ibarətdir?

- Bizim üçün müxalifətdə qalmağın perspektivi qalmadı. Bu onunla əlaqədardır ki, 14 illik müxalifətçilik dövründə müxalifət düşərgəsi strateji anlarda, prezident, parlament seçkilərində özünü dürüst aparmadı. Özünü aparıcı sayan partiyaların hər biri beş ildən bir keçirilən seçkilərdə məhz özü təmsil olunmağı qarşısına məqsəd qoydu. Vəhdət Partiyası da oturub gözləyə bilməzdi ki, növbəti 5 ildən sonra hansı partiya gedib pay alaraq parlamentdə oturacaq. Ona görə də açıq şəkildə bəyan etdik ki, müxalifət gedib parlamentdə otursa, heç bir gizli, sirli və separat danışıqlar aparmadan, mərdi-mərdanə yeni kurs qəbul edəcəyik. İqtidarla açıq əməkdaşlığa gedəcəyik. Sonda belə də oldu, biz İlham Əliyevi ümummilli məsələlərdə dəstəkləmək barədə qərar qəbul etdik. İndi iqtidara münasibətimiz ondan ibarətdir ki, Vəhdət Partiyası prezidentin atdığı bütün müsbət addımlara heç bir rəy vermədən, birmənalı şəkildə dəstəkləyir. Biz artıq həm şifahi, həm də yazılı şəkildə prezident İlham Əliyevə bir neçə məsələ barədə öz təkliflərimizi göndərmişik. Bu təkliflər Qarabağ məsələsi, enerji daşıyıcılarının qiymətinə baxılması, enerji daşıyıcılarının qiymətinin artırılması nəticəsində orta və aşağı sosial təbəqəyə dəyən ziyanın kompensasiya edilməsi, həmçinin azərbaycanlıların ermənilər tərəfindən son 200 il ərzində soyqırıma məruz qalması barədə qanun layihəsinin qəbulu, aqrar islahatlarla bağlıdır. Bu sahələrə dair konsepsiya və digər sənədlər təqdim etmişik.

Yəni, biz artıq iqtidara radikal münasibət göstərməyin mənasız olduğunu, bunun düşmənçilik, qarşıdurma yaratdığını dərk edirik, heç bir nəticəsi olmayan radikallığın həm cəmiyyətə, həm də partiyaya ziyan vurduğunun fərqindəyik. Müxalifətə isə tövsiyəmiz budur ki, onlar özünü aldatma ilə məşğul olmasın. Hansısa illüziyalara qapılmaq vaxtı deyil. Ona görə mən hesab edirəm ki, müxalifət düşərgəsi özünün, sosial bazasının cəmiyyət quruculuğunda və dövlətçiliyin idarə olunmasında fəal iştirakını təmin etmək üçün mütləq iqtidarla dialoqa getməlidir.

Vəhdət Partiyasının yeni siyasi kursunu ADP-nin simasında bəzi partiyalar həyata keçirdi, qalan hissəsi də bu addımı atmağa məhkumdur. Başqa hallarda iqtidara təsir imkanları yoxdur. Müxalifətin xarici təşkilatlara və dövlətlərə şikayət etməkdən başqa əlindən heç bir iş gəlmir.

- Əməkdaşlıqla bağlı hakimiyyətə ünvanladığınız müraciətə cavab verilibmi?

- Hakimiyyətə bir neçə dəfə müraciət etmişik, bu müraciətlərə cavab verilənləri də var, verilməyənləri də. Rəsmi şəxslərlə bu istiqamətdə diskussiyalarımız olub, görüşlər keçirmişik. Qarşılıqlı hörmət şəraitində hakimiyyət dairələri ilə bizim aramızda dialoq olub. Lakin cənab prezidentlə hələ görüşmək imkanı əldə edə bilməmişik. Vəhdət Partiyası ümummilli məsələlərdə iqtidara tam dəstək verməyə hazırdır.

- Qarşıdan gələn prezident seçkilərində partiyanız hansı düşərgənin namizədini dəstəkləyəcək? Yaxud özünüz namizəd ola bilərsinizmi?

- Partiyanın siyasi elitasında birmənalı fikir bundan ibarətdir ki, 2008-ci il prezident seçkilərində İlham Əliyevin alternativi yoxdur və onun qalib gələcəyi şübhə doğurmur. Buna görə Vəhdət Partiyası iqtidarla əməkdaşlıq təkliflərinə sadiqlik göstərir. Biz İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyəcək və müvafiq qərarlar qəbul edəcəyik. Ona görə də öz namizədimizi irəli sürmək fikrimiz yoxdur.

- Sizcə, müxalifət düşərgəsi iqtidarla rəqabət aparmaq üçün güclü rəqiblər irəli çıxara biləcəkmi?

- Mən hesab edirəm ki, müxalifət düşərgəsinin rəqabət aparmaq üçün güclü lideri yoxdur. Müstəqillik dövründə Azərbaycanda ayrı-ayrı fərdlərin, qrupların nüfuzu ətrafında birləşən partiyalar formalaşdı. Tam demokratik partiya isə yoxdur.

Azərbaycanda prezident seçkiləri çox mühüm məsələdir, dövlətin taleyini həll edir. Prezidentlik uğrunda iqtidarla rəqabət aparacaq müxalifət namizədi isə yoxdur. Əgər müxalifət istər birləşmiş qaydada, istər ayrılıqda güclü namizəd irəli çıxara bilmirsə, deməli, bu, müxalifətin çox ciddi mənfi göstəricisidir. Mən güman edirəm ki, 2008-ci ildə müxalif namizədlərə olan dəstək əvvəlki seçkilərdə göstərilmiş dəstəyin heç üçdə biri qədər də olmayacaq. Yəni, onlar əvvəlki qədər səs toplamayacaqlar. Ona görə də müxalifətin istər partiya şəklində iqtidar partiyasına, istərsə lider kimi iqtidar liderinə güclü rəqib olacağı inandırıcı deyil.

- Müxalifətdaxili prosesləri necə qiymətləndirirsiniz? Keçmiş müttəfiqləriniz olan müxalifət partiyları ilə əlaqəniz varmı?

- Müxalifət hakimiyyətə gəlmək haqqında verdiyi vədləri və şüarları heç vaxt yerinə yetirə bilməyib. Nəticədə sosial baza əsaslı şəkildə müxalifətdən imtina edib, ona olan inam azalıb. Bir neçə partiya gözümüzün qarşısında zəiflədi. Bu zəifləmə Liberal Partiyada baş verdi, ADP parçalandı, Müsavat və Xalq Cəbhəsi bir-birini ittiham etməklə məşğuldur. Bunlar ənənəvi müxalifətçilərdir. Yeni müxalifəti isə iqtidardan uzaqlaşdırılmış, cəzalandırılmış şəxslərin simasında görmək olar. Yeni müxalifətçilər də təcrübəyə malik deyillər. Onlar ənənəvi müxalifətlə imkanlarını birləşdirmək istəyirlər. Yəni, ənənəvi müxalifət öz təcrübəsini, yeni müxalifət isə maliyyə imkanlarını birləşdirib bir iş görmək istəyirlər. Amma hesab edirəm ki, bununla da heç nə baş verməyəcək. Sabiq nazir Əli İnsanovun açıqlamaları ilə bağlı olan bu "əməkdaşlıq" stəkanda fırtına yaratmaq cəhdinə bənzəyir. Hamı görür ki, Müsavat Partiyasının razılaşdırılmış mitinqləri kütləviliyə nail olmur, arzu etdikləri qüvvələr onları müdafiə etmir. Yaxud "Azadlıq" Bloku razılaşdırılmamış tədbirlər keçirə bilmir. Xalqın yenə ümidi və nəzərləri iqtidara yönəlir.

Bizim hazırda müxalifət partiyaları ilə hər hansı bir əlaqəmiz yoxdur, çünki bir-birimizə inamsız vəziyyətdəyik. Sadəcə ola bilər ki, hər hansı tədbirdə partiya rəhbərləri və ya üzvləri bir-biri ilə görüşsünlər. Bu, hər hansı bir münasibət demək deyil.

Xəbər lenti

Xəbər lenti