...

Türkiyənin millət vəkili: "Hakim partiya AKP prezidentin parlament deyil, xalq tərəfindən seçilməsini dəstəkləyir"

Siyasət Materials 8 May 2007 17:17 (UTC +04:00)
Türkiyənin millət vəkili: "Hakim partiya AKP prezidentin parlament deyil, xalq tərəfindən seçilməsini dəstəkləyir"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası parlament seçkilərində Böyük Millət Məclisində yenidən çoxluqda olmasını təmin edəcək. Bu barədə Türkiyə parlamentinin AKP-dən olan deputatı Əhməd Faruk Ünsal çərşənbə axşamı telefon açıqlamasında bildirib.

Millət vəkili bildirib ki, Türkiyə parlamenti Konstitusiya dəyişikliyinə hazırlaşır. Dəyişikliyə görə, Türkiyə prezidenti artıq parlament tərəfindən deyil, xalq tərəfindən seçilməli, həmçinin prezidentlik müddəti beş il olmalı və bir şəxs ən çoxu iki dəfə dalbadal seçilməlidir.

Sabah - çərşənbə günü Konstitusiyaya bu dəyişikliklərin üçüncü oxunuşda qəbul olunması gözlənilir.

Millət vəkili Ünsal qeyd edib ki, əgər parlamentdə səs çoxluğu ilə Konstitusiya dəyişikliyi təsdiqlənərsə, cümhurbaşqanına (prezidentə) göndəriləcək. Prezident bu qərarı təsdiqləyə bilər, əgər təsdiqləməsə, təkrar parlamentə geri göndərəcək. İkinci dəfə də parlament qərarını dəyişmədən prezidentə təqdim edə, həmçinin prezident ikinci dəfə veto qoyub geri göndərə bilər. Bu zaman parlament üçüncü dəfə öz qərarına baxacaq. Qərarı növbəti dəfə də dövlət başçısına təqdim edərsə, prezidentin artıq üçüncü dəfə ona veto qoymaq hüququ yoxdur. Bu zaman həmin qərarla bağlı referendum keçirilməlidir.

Ünsal bildirib ki, hakim partiya olan AKP Konstitusiyaya dəyişikliyin - yəni prezidentin xalq tərəfindən seçilməsinin tərəfdarıdır. Onun sözlərinə görə, AKP qarşıdakı prezident seçkilərində iştirak edəcək və namizədi dəyişməyəcək. AKP yenə də indiki xarici işlər naziri Abdullah Gülün namizədliyini irəli sürəcək. Ünsal hesab edir ki, parlament seçkilərində AKP yenə də lazımi dəstəyi qazanacaq və onun nümayəndələri Böyük Millət Məclisində bütün deputatların ən azı 35 faizini təşkil edəcək.

Millət vəkili həmçinin deyib ki, prezident seçkilərində müxalifət partiyaları tərəfindən də namizədlərin irəli sürülməsi gözlənilir.

Bazar günü Türkiyə parlamentində keçirilən prezident seçkilərində yetərsay olmadığından seçkilər baş tutmadı. İyulun 22-də Türkiyədə vaxtından əvvəl parlament seçkiləri keçiriləcək.

Xəbər lenti

Xəbər lenti