...

Azərbaycan "İdmanda dopinqə qarşı mübarizə haqqında" konvensiyanı ratifikasiya edib

Siyasət Materials 8 May 2007 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında Azərbaycanın YUNESKO Baş Konfransının 33-cü sessiyasında qəbul edilmiş "İdmanda dopinqə qarşı mübarizə haqqında" beynəlxalq konvensiyaya qoşulması təsdiq edilib. Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli bildirib ki, Azərbaycanın bu konvensiyaya qoşulması vacibdir: "Çünki Azərbaycanda idmanın bütün növləri sürətlə inkişaf edir. Bu sənəd Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasından irəli gəlir. Biz dünya səviyyəsində keçirilən idman yarışlarında, o cümlədən beynəlxalq olimpiya hərəkatında iştirak edirik. Ona görə də idmanda qadağan olunan dərmanlardan istifadə halları özünü göstərir. Azərbacyanın bu konvensiyaya qoşulması vacibdir".

Beynəlxalq Antidopinq Təşkilatı idmançıların 6 mindən artıq dərmandan istifadə etmələrinə qadağa qoyub. İdmançılar həmin dərmanlardan istifadə edə bilməzlər. Əgər hansısa idmançı bu siyahıya daxil edilmiş dərmanlardan istifadə edərsə dərhal yarışlardan uzuqlaşdırılır. Üç dəfə bu hal təkrarlanarsa həmin idmançının beynəlxalq yarışlırda iştirakına birdəfəlik qadağa qoyulur.

Azərbaycanda bu məsələyə xüsusi nəzarət olunur. Bunun üçün Gənclər və İdman Nazirliyində Antidopinq Komissiyası yaradılıb, idmançılar xüsusi yoxlamalardan keçirilirlər. Hansısa idmançının qadağan olunmuş dərmanlardan istifadə etdiyi aşkarlansa həmin şəxs ciddi şəkildə cəzalandırılır.

Müzakirələrdən sonra Milli Məclis Azərbaycanın "İdmanda dopinqə qarşı mübarizə haqqında" beynəlxalq konvensiyaya qoşulması məsələsini təsdiq edib.

Xəbər lenti

Xəbər lenti