...

Müsavat Partiyasının başqanı: "Müsavat Partiyası hansısa blok və ya birlik yaratmaq üçün danışıqlar aparmır"

Siyasət Materials 15 May 2007 13:07 (UTC +04:00)
Müsavat Partiyasının başqanı: "Müsavat Partiyası hansısa blok və ya birlik yaratmaq üçün danışıqlar aparmır"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Müsavat Partiyası hansısa blok və ya birlik yaratmaq üçün danışıqlar aparmır. Bu barədə cərşənbə axşamı Bakıda Müsavat Partiyasının başqanı İsa Qəmbər məlumat verib.

Müsavat Partiyası, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Açıq Cəmiyyət Partiyasının sədri Rəsul Quliyev, "Azərbaycan Naminə" İctimai Forumun prezidenti Eldar Namazov və sabiq səhiyyə naziri, hazırda həbsdə olan Əli İnsanovun iştirakı ilə 2008-ci ildə keçiriləcək prezident seçkilərində birgə iştirak etmək üçün blokun yaradılması ilə bağlı danışıqların aparılmasına dair məlumatları şərh edən Qəmbər qeyd edib ki, siyasətçilər və ictimai xadimlər arasında məsləhətləşmə prosesi daimi rejimdə davam edir: "Adını çəkdiyiniz şəxslərin bəziləri ilə əlaqələrimiz, söhbətlərimiz olur. Ancaq hər hansı rəsmi danışıq və hansısa blok yaratmaq cəhdləri yoxdur. Ən azı Müsavat belə bir cəhd göstərmir. Ona görə də belə tələsik nəticələr çıxırmağa ehtiyac görmürəm".

Müsavat başqanı hesab edir ki, əsas məsələ ölkədə azad və ədalətli seçkilərin keçirilməsidir.

Qəmbər deyib ki, əgər Azərbaycanda normal seçkilər keçiriləcəksə, namizədin vahid və ya bir neçə olmasından asılı olmayaraq, demokratik qüvvələrin nümayəndələrindən biri qalib gələcək: "Ölkədə həqiqi seçki keçirilmirsə, namizədin sayının prosesə heç bir təsiri olmayacaq".

Seçki komissiyalarının formalaşdırılması ilə bağlı Müsavat Partiyası ilə "Azadlıq" blokunda təmsil olunan partiyalar arasında yaranmış fikir ayrılığına toxunan Qəmbər vurğulayıb ki, onlar son 10 il ərzində demokratik qüvvələrin seçki komissiyalarının təşkili ilə bağlı mövqeyini davam etdirirlər.

"Bu mövqe isə ondan ibarətdir ki, seçki komissiyaları müxalifət və hakimiyyət arasında paritet əsasında formalaşdırılmalıdır. Bizim mövqeyimizdə hər hansı bir dəyişiklik yoxdur. Müxalifət qüvvələrinin əksəriyyəti də bu mövqedən çıxış edir. Digər mövqelər isə bizlik deyil" - deyə Müsavat başqanı əlavə edib.

Qeyd edək ki, müxalifəti təmsil edən sağ mərkəzçi Müsavat Partiyası 20-ci əsrin əvvəllərində yaradılıb və 1992-ci ildə yenidən bərpa olunub. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Müsavat Partiyası Milli Məclisdə 5 deputatla təmsil olunur.

Xəbər lenti

Xəbər lenti