...

Fransa Senatının Qafqaz dostluq qrupunun sədri: "Fransada hakimiyyət dəyişikliyi Azərbaycanla münasibətlərə heç bir təsir göstərməyəcək " (video)

Siyasət Materials 21 May 2007 12:30 (UTC +04:00)
Fransa Senatının Qafqaz dostluq qrupunun sədri: "Fransada hakimiyyət dəyişikliyi Azərbaycanla münasibətlərə heç bir təsir göstərməyəcək " (video)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Fransada hakimiyyət dəyişikliyinin baş verməsi Azərbaycanla ikitərəfli əlaqələrə heç bir təsir göstərməyəcək. Bu barədə bazar ertəsi Bakıda Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Ambruaz Düpon məlumat verib.

Senator qeyd edib ki, iki ölkə arasında münasibətlər çox yüksək səviyyədədir və bu əlaqələr xeyli müddətdir ki, yaxşı təşkil olunub: "Prezident İlham Əliyevin Fransaya son səfəri zamanı bu əlaqələrin nə qədər yüksək səviyyədə olduğunu müşahidə etdik".

O qeyd edib ki, rəsmi Paris Cənubi Qafqazda sülhün bərqərar olması üçün ciddi çalışır və bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

Dağlıq Qarabağ münaqişəsinə toxunun Düpon bildirib ki, bu münaqişə Azərbaycana böyük ziyan vurub və bu onlara çox təsir edir. Onun fikrincə, bütün bunlara baxmayaraq, bölgədə sülh bərqərar olmalıdır: "Bu yalnız o zaman mümkündür ki, hər iki tərəf sülhün bərqərar olması üçün çalışsın. ATƏT-in Minsk qrupu bu istiqamətdə fəaliyyət göstərir. Fransanı Minsk qrupunda təmsil edən səfir Bernar Fasye mayın 24-də bölgəyə gələcək. Eyni zamanda Fransa Senatının sədri Dağlıq Qarabağ münaqişəsinin həllində şəxsən maraqlıdır".

Azərbaycana səfərinin məqsədinə toxunan senator bildirib ki, bu dostluq qrupu çərçivəsində həyata keçirilən bir səfərdir və qeyri-adi məqsəd yoxdur: "Fransa Senatı və Milli Assambleyasında bir çox ölkələrlə dostluq qrupları yaradılıb. Azərbaycanla dostluq qrupu çərçivəsində bir neçə dəfə Bakıya səfərlər etmişəm. Fransa Mədəniyyət Mərkəzinin necə işlədiyinə baxıram və əlaqələrin inkişaf etməsinə nəzər yetirirəm".

Fransa Senatının nümayəndə heyəti səfər çərçivəsində Fəxri Xiyabanda eks-prezident Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. Fransalı qonaqlar Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva, Milli Məclis rəhbərliyi və Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşəcəklər.

Düponun rəhbərlik etdiyi nümayəndə heyətini prezident İlham Əliyevin də qəbul edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti