...

Rusiya XİN rəhbəri: Azərbaycan Rusiya üçün strateji əhəmiyyətli tərəfdaşdır (video)

Siyasət Materials 21 May 2007 17:10 (UTC +04:00)
Rusiya XİN rəhbəri: Azərbaycan Rusiya üçün strateji əhəmiyyətli tərəfdaşdır (video)

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Azərbaycan Rusiya üçün strateji əhəmiyyət kəsb edən tərəfdaşdır və biz əməkdaşlığımızın genişləndirilməsində maraqlıyıq. Bu sözləri bazar ertəsi Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşünün nəticələrinə dair brifinqdə ölkəmizdə rəsmi səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

"Bizim ikitərəfli əməkdaşlıq, regional əlaqələr, habelə beynəlxalq xarakterli məsələlərə dair faydalı söhbətimiz oldu" - deyə Lavrov bildirib.

Rusiya XİN başçısının sözlərinə görə, görüşdə Xəzərin statusunun müəyyənləşdirilməsi ilə bağlı birgə səylərin inkişafının vacibliyi, regionda mövcud hərbi münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin həlli vasitəsi ilə sülhün və sabitliyin bərqərar olunmasının zəruriliyi vurğulanıb. Lavrov qeyd edib ki, ölkəsi Qarabağ münaqişəsinin beynəlxalq prinsiplər və münaqişə tərəflərinin razılığı əsasında həllinin tərəfdarıdır.

Ayrıca olaraq Xəzərin statusu məsələsinə toxunan Lavrov ölkəsinin mövqeyini ifadə edərək bildirib ki, problem 5 sahilyanı dövlətin maraqları nəzərə alınmaq şərti ilə həll olunmalıdır. Onun sözlərinə görə, Bakı ilə Moskva qarşıya qoyulan məqsədlərə çatmaq üçün səyələrini aktivləşdirməyə hazırdır.

Öz növbəsində Azərbaycan XİN başçısı Qarabağ nizamlanmasına diqqət yetirərək qeyd edib ki, Rusiya Qarabağ münaqişəsinin nizamlanmasında əsas rol oynaya bilər. Məmmədyarov eyni zamanda Azərbaycan tərəfinin ATƏT-in Minsk qrupunun rusiyalı həmsədrinin fəaliyyətindən razılığını ifadə edib. Nazir həmçinin qeyd edib ki, iki ölkənin bir çox məsələlərlə bağlı mövqeləri üst-üstə düşür.

Xəbər lenti

Xəbər lenti