...

MDB-nin Yəhudi İcmaları Federasiyasının prezidenti: Yəhudi icması Azərbaycanda möhkəmlənmək niyyətindədir (video)

Siyasət Materials 31 May 2007 17:30 (UTC +04:00)
MDB-nin Yəhudi İcmaları Federasiyasının prezidenti: Yəhudi icması Azərbaycanda möhkəmlənmək niyyətindədir (video)

Azərbaycan, Bakı /müxbir Trend E.Hüseynov/Azərbaycanda yəhudi mərkəzi və məktəbinin açılışı yəhudi diasporunun möhkəmləndirilməsi məqsədi güdür. Bu barədə cümə axşamı jurnalistlərə Bakıda səfərdə olan MDB-nin Yəhudi İcmaları Federasiyasının prezidenti Lev Levayev bəyan edib.

Azərbaycana səfərinin məqsədini şərh edən Levayev bu gün planlaşdırılmış Bakıda Yəhudi Mərkəzi və Məktəbinin tikintisi üçün təməlqoyma mərasimi barədə məlumat verib.

"Bu, yəhudi diasporu üçün böyük əhəmiyyət kəsb edir", deyə o bildirib və əlavə edib ki, Bakıda mərasimdə iştirak etmək üçün həmçinin Amerika Yəhudi Konqresinin prezidenti Cek Rozen, bir çox yəhudi təşkilatlarının rəhbərləri gəlib. Nümayəndə heyətinin tərkibində həmçinin Rusiyanın baş ravvini Berl Lazar da var.

Yəhudilərin Azərbaycandakı vəziyyəti barədə danışan Levayev aşağıdakıları qeyd edib: "Bu o deməkdir ki, yəhudilər burada yaşamaqda davam edir və yəhudilər inkişaf edəcək. Yəhudiləri burada sevirlər və biz hamımız bir yerdə irəliləyəcəyik".

Onun sözlərinə görə, yəhudi diasporu Azərbaycanda möhkəmlənir. "Fəaliyyət göstərən məktəbdə 450 uşaq var və təhsil almaq arzusunda olan uşaqlar daha çoxdur", deyə Levayev vurğulayıb.

Azərbaycanda yəhudi məskunlaşmalarının tarixi 2,5 min il təşkil edir. Bakı ilə yanaşı yəhudilər Quba rayonunun (Azərbaycan paytaxtından 173 km şimalda yerləşir) "Qırmızı Qəsəbə"sində yaşayır. Bu regionda yəhudilərin maksimal sayı (burada dağ yəhudiləri adlandırılır) 1938-39-cu illərdə 15 minə bərabər olub. Hazırda "Qırmızı Qəsəbə"də təxminən 4 min yəhudi yaşayır. Ölkədə ümumilikdə təxminən 20 min yəhudi var.

Xəbər lenti

Xəbər lenti