...

VHP sədri: "Azərbaycanın müxalifət partiyaları arasında indiki halda aparılan müzakirələr gözlənilən effekti verməyəcək"

Siyasət Materials 5 İyun 2007 16:06 (UTC +04:00)
VHP sədri: "Azərbaycanın müxalifət partiyaları arasında indiki halda aparılan müzakirələr gözlənilən effekti verməyəcək"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın müxalifət partiyaları arasında indiki halda aparılan müzakirələr gözlənilən effekti verməyəcək. Bu barədə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı açıqlama verib.

Rüstəmxanlı qeyd edib ki, müxalifətin yeni Alyansının yaradılması ilə bağlı partiyalararası görüşlərdə VHP nümayəndələri də iştirak ediblər: "Amma bu müzakirələr yalnız sözdə birlikdən uzağa getməyib. Müxalifətin real birliyinin yollarını və onu tapmaqda maraqlı olan qüvvələr azdır. Vaxtilə bizim tərəfimizdən də bəzi variantlar irəli sürülmüşdü, lakin sonda bu ideyalar heç bir nəticə verməyib"-deyə Rüstəmxanlı qeyd edib.

VHP sədri bildirib ki, bundan əvvəl də müxtəlif formatlarda müxalifətin ciddi birlikləri yaranıb, lakin sonda bir sıra partiyaların xırda korporativ maraqları üzündən bu qurumlar dağılıb. Rüstəmxanlının fikrincə, belə məsələlərə hər kəs öz partiya maraqlarından yanaşır: "Ona görə də biz bu birlik çağırışlarına çox ehtiyatla yanaşırıq. Biz həmişə milli birliyin, vətəndaş birliyinin tərəfdarı olmuşuq. VHP hətta bütün partiyaların birləşib böyük bir partiyaya çerivlməsinin də tərəfdarı olub. Amma təəssüf ki, siyasi qüvvələr bu məsələlərə kifayət qədər səmimi yanaşmır". Rüstəmxanlı əlavə edib ki, siyasi liderlərin şəxsi ambisiyalarını nəzərə alaraq VHP əvvəlki illərdən fərqli olaraq, bu dəfə yeni qurumların yaradılması təşəbbüslərində daha diqqətli olmağa çalışır.

Xatırladaq ki, müxalifətyönlü VHP Milli Azadlıq Hərəkatının liderlərindən biri olan Sabir Rüstəmxanlının rəhbərliyi altında 1992-ci ildə yaradılıb. Partiyanın sədri millət vəkili, xalq şairi S.Rüstəmxanlı 1991-95-ci illərdə Azərbaycanın mətbuat və informasiya naziri, 2003-cü il prezident seçkilərində prezidentliyə namizəd olub.

Xəbər lenti

Xəbər lenti