...

Müxalifət partiyasının növbəti yürüş-mitinqi ilə bağlı qərar veriləcək

Siyasət Materials 12 İyun 2007 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müsavat Partiyasının növbəti yürüş-mitinqinin keçirilməsi məsələsinə partiya Məclisinin iyunun 30-da keçiriləcək iclasında baxılacaq. Bu barədə Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər məlumat verib.

Onun sözlərinə görə, Məclisdə partiyanın yeni seçilmiş rayon və şəhər təşkilatlarının səlahiyyətləri təsdiqlənəcək, partiyanın başqanı İsa Qəmbər ölkədəki ictimai-siyasi vəziyyətə dair məruzə edəcək, siyasi proseslərə dair qərarlar çıxarılacaq.

Məclis sədri bildirib ki, Müsavat Partiyası silsilə etiraz aksiyalarını hələlik açıq saxlayıb, iclasda yürüş-mitinqlərin yay mövsümündə keçirilib-keçirilməməsinə dair qərar veriləcək.

Həmçinin Müsavat Partiyasının müxalifətin yeni siyasi qurumunun yaradılması üçün aparılan danışıqlarda iştirakı məsələsi müzakirə olunacaq: "Partiyanın başqanı həmin danışıqlarda iştirak, orada müzakirə olunan məsələlər və təkliflər barədə məlumat verəcək, Müsavat Partiyasının mövqeyini izah edəcək. Sonra Müsavatın müxalifətdaxili qurumlarda iştirakı barədə müzakirələr aparılacaq və əgər ehtiyac yaranarsa, məsələ səsverməyə çıxarılacaq"-deyə Əkbər məlumat verib.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti