...

ACP sədri: "Növbəti Milli Forumu müxalifət partiyalarından biri təşkil edəcək"

Siyasət Materials 12 İyun 2007 13:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycanın siyasi partiyalarının və qeyri-hökumət təşkilatlarının iştirakı ilə növbəti Milli Forumu müxalifət partiyalarından biri təşkil edəcək. Bu barədə çərşənbə axşamı Bakıda Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazov məlumat verib.

Şahbazov qeyd edib ki, birinci Milli Forum ACP lideri, hazırda ABŞ-da mühacirətdə olan eks-spiker Rəsul Quliyevin təşəbbüsü ilə başa tutub. Onun fikrincə, belə bir tədbirin daimi keçirilməsi vacibdir: "Biz bu forumları ACP səviyyəsindən çıxararaq bütün müxalifətin tədbirləri kimi keçirməyi planlaşdırırıq. Ona görə də növbəti forumların keçirilməsinə təşkilatçılıq etmələri üçün müxalifət partiyaları ilə danışıqlar aparırıq. Yəni ela başa düşülməsin ki, ACP və Rəsul Quliyev daimi bu forumların keçirilməsinə rəhbərlik etmək niyyətindədir".

Şahbazov qeyd edib ki, ACP lideri Rəsul Quliyev məsələ ilə bağlı digər müxalifət partiyalarına müraciət edib. Hazırda partiyalar bu müraciəti müzakirə edirlər: "Hesab edirəm ki, yaxın vaxtlarda partiyalar buna reaksiya verəcəklər".

ACP sədri vurğulayıb ki, forumun təşkilatçılığını hansı partiyanın öz üzərinə götürəcəyi müəyyənləşəndən sonra tədbirdə müzakirə ediləcək məsələ partiyalarla razılaşdırılacaq. Bundan sonra forumda hansı mövzunun müzakirə olunacağı dəqiqləşəcək.

ACP lideri, hazırda ABŞ-da mühacirətdə olan eks-spiker Rəsul Quliyevin təşəbbüsü ilə mayın 25-də Bakıda siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və hüquq müdafiəçilərinin iştirakı ilə birinci Milli Forum keçirilib. Tədbirdə Azərbaycanda demokratiyanın inkişafı, seçki qanunvericiliyinin təkmilləşdirilməsi və qarşıdan gələn prezident seçkiləri müzakirə olunub.

Sağ mərkəzçi müxalifət partiyası olan ACP 2007-ci ilin aprelində Azərbaycan Demokrat Partiyasından ayrılan şəxslər tərəfindən yaradılıb. Partiyanın lideri hazırda ABŞ-da mühacirətdə yaşayan Azərbaycan parlamentinin sabiq spikeri Rəsul Quliyev, sədri isə Akif Şahbazovdur. R.Quliyev 1998-ci ildən 2007-ci ilin fevralına qədər ADP-yə rəhbərlik edib.

Xəbər lenti

Xəbər lenti