...

ADP Müsavatı müxalifət üzərində monopoliya yaratmaqda ittiham edir

Siyasət Materials 20 İyun 2007 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Demokrat Partiyası (ADP) Müsavat Partiyasını müxalifət düşərgəsi üzərində monopoliya yaratmağa cəhd göstərməkdə ittiham edir. ADP sədrinin müavini Nurəddin Məmmədli Müsavat Partiyasının mətbu orqanı olan "Yeni Müsavat" qəzetinin onlara qarşı qərəzli mövqe nümayiş etdirdiyini deyib.

Müsavat Partiyasının mətbu orqanı ADP-nin iqtidarla dialoq təşəbbüsünü şərh edərkən partiyanın bu ideyanı öz qərargah problemini həll etmək üçün iərli sürdüyünü yazıb. Müsavatçılar ADP-nin iqtidara yaxınlaşmaqla öz maliyyə problemlərini həll etmək istədiyini iddia edirlər.

ADP-nin sədr müavini Məmmədli qeyd edib ki, partiya özünün qərargah problemini iqtidarla dialoq qurulması barədə qərarından əvvəl artıq həll etmişdi: "ADP-nin qərargahının icarəsinə dair xırda texniki problem yaranmışdı. Bu problemi həll etdikdən iki ay sonra ADP-nin Ali Məclisi iqtidarla dialoqa getmək barədə qərar çıxardı. Çünki partiya iqtidara qarşı aqressiv mübarizə üsullarının cəmiyyətə və müxalifətə fayda vermədiyi qənaətinə gəldi, iqtidarla müxalifət arasında sivil münasibətlərin qurulmasına üstünlük verdi. Müsavat Partiyası isə mütərəqqi ideyaların məhz onun tərəfindən irəli sürülməsini istədiyi üçün ADP-nin bu təşəbbüsünə qısqanclıqla yanaşır. Bununla Müsavat həm də müxalifətdə ideologiya monopoliyası yaratmağa çalışır" - deyə Məmmədli qeyd edib.

Onun fikrincə, Müsavat Partiyasının gizli şəkildə etdiklərinin ADP tərəfindən açıq-aşkar və cəsarətlə gündəmə gətirilməsi "Müsavatın bazarına daxil olmaq" kimi qəbul edilir və buna görə də ADP-yə qarşı qısqanc münasibət formalaşır.

Sağ təmayüllü partiya olan ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən təsis edilib. Partiya bu ilin yanvarınadək iqtidara qarşı müxalif mövqedə olub. Yanvarda ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkilərində prezidentliyə namizəd olub. Müsavat Partiyası beş nəfər deputatla parlamentdə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti