...

Müxalif partiyalar bir-birini sənəd oğurluğunda ittiham edir

Siyasət Materials 20 İyun 2007 13:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Müxalif Vətəndaş və İnkişaf Partiyası (VİP) əldə etdiyi saxta sənədlər hesabına dövlət qeydiyyatına alınmaq istəyir. Bu bəyantla çərşənbə günü Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) təbliğat və mətbuat katibi Əli Orucov çıxış edib. Onun sözlərinə görə, VİP sədri Əli Əliyev AMİP-in sədri olan müddətdə partiyanın ələ keçirdiyi və hələ də geri qaytarmadığı sənədlər hesabına, saxta siyahılarla qeydiyyata alınmaq istəyir. Orucov ümid edir ki, Yasamal Rayon Məhkəməsi VİP-in saxtakarlığını bir daha sübut edəcək və Ədliyyə Nazirliyinin haqlı olduğunu bəyan edəcək.

"Siyasi partiyalar haqqında" qanunun 4-cü maddəsində qeyd olunub ki, partiyanın qeydiyyata alınması üçün ən azı 1000 üzvü olmalıdır. Orucov hesab edir ki, VİP-in cəmi üç üzvü var. Digər üzvlər isə AMİP-in oğurlanan qeydiyyat dəftərlərindəki siyahıların statistikasıdır.

VİP-in sədr müavini Büllur Hümbətov isə AMİP sözçüsünün ittihamlarını cəfəngiyat adlandırıb. Onun sözlərinə görə, VİP-in AMİP-in sənədlərinə ehtiyacı yoxdur. Əksinə, onlar VİP sədrinə məxsus sənədləri oğurlayıblar. Hümbətov bildirib ki, VİP-in 3000-ə yaxın üzvü var.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

VİP üzvləri AMİP-dən ayrılaraq keçən il qurultaylarını keçirib. Bir ildən artıqdır ki, Ədliyyə Nazirliyi partiyanı qeydiyyata almır. Bu səbəbdən də VİP Ədliyyə Nazirliyini məhkəməyə verib.

Xəbər lenti

Xəbər lenti