...

Səməd Seyidov: "Azərbaycandan Avropa Şurasına gedən siyasətçilər orada ilk növbədə öz siyasi maraqlarını güdürlər"

Siyasət Materials 2 İyul 2007 13:30 (UTC +04:00)
Səməd Seyidov: "Azərbaycandan Avropa Şurasına gedən siyasətçilər orada ilk növbədə öz siyasi maraqlarını güdürlər"

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycandan Avropa Şurasına gedən siyasətçilər orada ilk növbədə öz siyasi maraqlarını güdürlər. Bu barədə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındaki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Seyidov qeyd edib ki, Azərbaycandan Avropa Şurasına gedən siyasətçilər öz siyasi motivlərini əsas götürdüklərinə görə onların dedikləri obyektiv ola bilməz: "Onlar ilk növbədə öz siyasi maraqlarına uyğun hərəkət edirlər, sonra isə obyektivlik haqqında danışırlar. Ona görə də Azərbaycandan Avropa Şurasına gedən bəzi siyasətçilərin dediklərinə o gədər də fikir vermək olmaz".

Nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, Azərbaycan QHT-lərini təmsil edən şəxslər daim Avropa Şurasına gedirlər. Onun fikrincə, bu da çox yaxşı haldır. Cünki Azərbaycan demokratik və açıq ölkədir. QHT-lər Azərbaycanda baş verən proseslərlə bağlı Avropa Şurasına məlumat çatdırırlar, fikir mübadiləsi aparırlar: "QHT-lər hansı məlumatları istəyirlər, gedib çatdırsınlar, müzakirə edək, cavablarını verək. Nəticədə hansı problemlər varsa, onları həll edək".

Seyidov bildirib ki, AŞPA-nın yay sessiyasında bəzi qüvvələr Azərbaycanla bağlı müzakirələrin və dinləmələrin keçirilməsini tələb edirdilər. Seyidov deyib ki, buna baxmayaraq, Azərbaycanla bağlı heç bir dinləmə və müzakirə keçirilməyib.

"Əgər müzakirələr olsaydı belə, ona tam təbii yanaşmaq lazımdı. Cünki Azərbaycan monitorinq altında olan ölkədir. AŞPA nümayəndələri Azərbaycana səfər edirlər və səfərlərin nəticələri haqqında monitorinq komitəsində və ya başqa qurumda hesabat verməlidirlər. Bunu faciə kimi təqdim etmək, Azərbaycana təzyiq və ittiham kimi qələmə vermək düzgün deyil" - deyə nümayəndə heyətinin rəhbəri əlavə edib.

Onun fikrincə, bəzi qüvvələr AŞPA-nın sessiyalarından əvvəl qurumda Azərbaycanla bağlı dinləmələrin keçirilməsinə dair yanlış məlumatlar yayırlar. Bu baş verməyəndə isə deyirlər ki, məsələyə növbəti sessiyada baxılacağına dair qərar qəbul edilib. Lakin bunun heç bir əsası yoxdur.

Xəbər lenti

Xəbər lenti