...

Qarabağ Forumunun təşkilatçısı: "Müxalifət liderləri üçün ən yaxşı variant gizlənməkdir"

Siyasət Materials 2 İyul 2007 15:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifət liderlərinin bu gün keçirilən Qarabağ Forumunda iştirak etməməsi onların xarici qüvvələrdən asılılığı ilə bağlıdır. Bu barədə Forumun təşkilatçılarından olan Azadlıq Partiyasının sədri Əhməd Oruc açıqlama verib.

Üç müxalifət partiyasının təmsil olunduğu Demokratiya Uğrunda İttifaqın təşkilatçılığı ilə bazar ertəsi Bakıda Qarabağ Forumu keçirilib. Bu toplantıya bütün müxalifət partiyalarının sədrləri dəvət ediliblər, lakin aparıcı partiyaların liderləri Forumda iştirak etməyiblər.

Oruc bildirib ki, iri müxalifət partiyaları liderlərinin Qarabağ Forumuna qatılmamasının səbəbi onların bir qrup ziyalımızın ATƏT-in vasitəçiliyi ilə Qarabağa səfərinə münasibət bildirməkdən çəkinməsi ilə bağlıdır: çünki Forumda əsas çıxışlar, müzakirə mövzusu əsasən bu günlərdə tanınmış ziyalıların Dağlıq Qarabağ və Ermənistana etdiyi səfəri ilə bağlı oldu. Orucun sözlərinə görə, partiya liderləri həmin mövzuya toxunmamaq, münasibət bildirməmək üçün tədbirə gəlmədilər.

"Çünki ziyalıların bu hərəkətini açıq şəkildə nə pisləyə, nə də təqdir edə bilirlər. Səfəri pisləmək üçün xarici səfirliklər və beynəlxalq qurumlardan çəkinirlər, onlar qarşısında özlərini pis vəziyyətdə qoymaq istəmirlər. Həmçinin səfəri təqdir edib xalqın gözündən düşmək istəmirlər. Buna görə də onlar üçün ən yaxşı variant gizlənməkdir" - deyə Azadlıq Partiyasının sədri bildirib.

Demokratiya Uğrunda İttifaq müxalifətçi Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli Demokratiya partiyaları tərəfindən təsis olunub. İttifaq bu partiyaların məşvərət və əməkdaşlıq qurumudur.

Xəbər lenti

Xəbər lenti