...

Ədalət və Azadlıq partiyalarının birləşməməsinin səbəbləri aydınlaşıb

Siyasət Materials 4 İyul 2007 14:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Ədalət və Azadlıq partiyalarının birləşməsi ideyası baş tutmadı. Bu barədə Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü məlumat verib.

Onun sözlərinə görə, bu iki partiyanın birgə fəaliyyət göstərməsi üçün tərəflər razılığa gəlmişdi. Lakin sonradan Azadlıq Partiyasının iştirakı ilə Demokratiya Uğrunda İttifaq təsis edildi və hazırda orada təmsil olunur: "Partiyaların birləşməsi təşəbbüsü Azadlıq Partiyasından gəlmişdi, bu məsələ ilə bağlı görüşlər də keçirmişdik. Lakin sonradan hansısa səbəblərdən Azadlıq Partiyası fikrindən daşındı və bu ideya reallaşmadı" - deyə Ədalət Partiyasının funksioneri qeyd edib.

Məsələyə Azadlıq Partiyasının sədri Əhməd Oruc da aydınlıq gətirib. Onun sözlərinə görə, bu birliyin baş tutmamasının səbəbi Ədalət Partiyasının aktiv siyasi fəaliyyətə meylli olmamasıdır: "Biz Ədalət Partiyası ilə birləşməklə mahiyyətcə yeni fəaliyyət forması yaratmaq istəyirdik. Düşünürdük ki, Ədalət Pariyasının əldə etdiyi tribuna, sosial bazası və bizim intellektual potensialımız toplansa sivil bir mərkəz yarada bilərik. Lakin gördük ki, bu ideyamız nəticə vermir. Çünki biz indiki dövrdə intensiv, çevik fəaliyyətin tərəfdarıyıq, Ədalət Partiyası isə özünü ağır, samballı aparır, aktiv siyasi fəaliyyət göstərmir. Ona görə də istədiyimiz keyfiyyəti əldə edə bilməyəcəyik" - deyə Azadlıq Partiyasının sədri qeyd edib.

Hər iki partiya müxalifəti təmsil edir. Ədalət Partiyasının sədri İlyas İsmayılov hazırda Milli Məclisin deputatıdır.

Xəbər lenti

Xəbər lenti