...

Mirmahmud Mirəlioğlu: "İstədiyimiz birliyə nail olmamağımız müxalifət partiyalarının ağalarından asılılığı ilə bağlıdır"

Siyasət Materials 5 İyul 2007 16:56 (UTC +04:00)
Mirmahmud Mirəlioğlu: "İstədiyimiz birliyə nail olmamağımız müxalifət partiyalarının ağalarından asılılığı ilə bağlıdır"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ İri müxalifət partiyalarının Demokratiya Uğrunda İttifaqa (DUİ) qoşulmamasının səbəbləri onların daxili və xarici qüvvələrdən asılılığı ilə bağlıdır. Bu barədə İttifaqın həmtəsisçisi, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu açıqlama verib.

O qeyd edib ki, bir neçə iri müxalifət partiyasının məşvərət qurumu yaradılması barədə deyilənlər reallıqlara əsaslanmır, bu birlik yalnız mətbuat səhifələrində belə görünür. Mirəlioğlu qeyd edib ki, həmin siyasi liderlər gündəmi tutmaq üçün məşvərət aparılması, hansısa birliyin mövcud olması barədə məlumatlar yayırlar.

KXCP sədri xatırladıb ki, müxalifətin vahid məşvərət qurumunun yaradılması üçün siyasi partiyalarla uzun müddət apardığı danışıqların nəticəsində Demokratiya Uğrunda İttifaq yaradıldı, amma bura yalnız üç partiya qoşuldu. Onun fikrincə, müxalifət partiyalarının KXCP ilə bir yerdə təmsil olunmaqdan imtina etməsi onların daxildə hökumətdən, xarici qüvvələrdən isə səfirliklər, beynəlxalq qurumlar qarşısında asılılığı ilə əlaqədardır.

"Bizimlə bir yerdə olanlara xaricdən qrant verməyəcəklər. Xaricdəki qüvvələr pullarını onlara xidmət edənlərə verirlər. Ona görə də bəzi müxalifət partiyalarının bizimlə, yəni, yalnız milli maraqlara qulluq edənlərlə bir yerdə olmasına, görünür, ağaları icazə vermədi. Nəticədə istədiyimiz birliyə nail ola bilmədik" - deyə Mirəlioğlu qeyd edib.

O, əlavə edib ki, İttifaq təsis olunarkən qurum sırf məşvərət mahiyyəti daşıyırdı. İttifaqa qouşlmaqdan imtina edən partiyalar bu gün partiyalararası məşvərət, fikir mübadiləsi aparılmasının zəruriliyini qeyd edirlər.

"Demokratiya Uğrunda İttifaq" müxalifətçi Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli Demokratiya partiyaları tərəfindən təsis olunub. İttifaq bu partiyaların məşvərət və  əməkdaşlıq qurumudur

Xəbər lenti

Xəbər lenti