...

Asim Mollazadə AŞPA sədri ilə görüşüb

Siyasət Materials 9 İyul 2007 14:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bazar ertəsi Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Rene van der Lindenlə görüşüb. Bu barədə Demokratik İslahatlar Partiyasından (DİP) məlumat verilib.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı AŞPA-nın qəbul etdiyi qətnamələrin icrası, Azərbaycanda seçki islahatları, mətbuatın vəziyyəti, AŞPA ilə GUAM-ın əməkdaşlığı məsələləri müzakirə olunub. Görüş zamanı Mollazadə AŞPA-nın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyini yüksək qiymətləndirib. O, həmçinin Azərbaycanda "Diffomasiya haqqında" qanunun qəbulunun vacibliyini, seçki qanunvericiliyi sahəsində islahatların aparılmasının, seçki komissiyalarının bir partiyanın monopoliyasından çıxarılmasının zəruriliyini qeyd edib. Mollazadə Avropa Şurasının GUAM-la münasibətlərinin MDB ilə olan münasibətlər səviyyəsində qurulmasının da mühüm əhəmiyyət daşıdığını ifadə edib.

Linden isə DİP sədrinin qaldırdığı məsələlərlə razılaşdığını bildirib. O qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu və beynəlxalq hüququn prinsipləri əsasında həllinə tərəfdardır. AŞPA-nın Azərbaycanla əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu vurğulayan Linden ölkədə seçki qanunvericiliyi sahəsində islahatların aparılmasının və bununla bağlı Venesiya Komissiyası ilə əməkdaşlığın vacibliyini bildirib. Linden AŞPA-nın GUAM-la əməkdaşlığa hazır olduğunu ifadə edib.

Xəbər lenti

Xəbər lenti