...

BAXCP ətrafında seçki bloku yaradılacaq

Siyasət Materials 10 İyul 2007 14:08 (UTC +04:00)
BAXCP ətrafında seçki bloku yaradılacaq

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) bir neçə partiyanın iştirakı ilə qarşıdan gələn prezident seçkiləriylə əlaqədar seçki bloku yaradacaq. Bu barədə BAXCP sədri Qüdrət Həsənquliyev məlumat verib.

BAXCP Təkamül Partiyası ilə birgə Milli Demokratik Qüvvələr Birliyində (MDQB) təmsil olunur. MDQB-yə qoşulmaq üçün digər bir neçə partiyalar müraciət edib və onlarla ilkin danışıqlar aparılıb. MQDB-nin tərkibinin genişlənməsi və sonradan seçki blokuna çevrilməsi gözlənilir. Partiya sədrinin sözlərinə görə, gələnilki prezident seçkilərinə bir il qalmış, yəni artıq bu il ərzində seçki bloku elan olunmalıdır. Çünki blokun özünü ictimaiyyətə təqdim etməsi üçün müəyyən müddət lazımdır. Seçki blokunun başqa ad altında yaradılması da mümkündür.

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli isə bildirib ki, partiya Həsənquliyevin prezident seçkisində iştirak etməsinin tərəfdarıdır. Ona görə də yaranacaq seçki blokunun Həsənquliyevi vahid namizəd kimi irəli sürməsi mümkündür: "Siyasi partiyalar indiyədək vahid komanda şəklində seçkidə iştirak edib uğur qazana bilməyiblər. Artıq köhnə, standart modellərdən imtina etmək lazımdır. Biz siyasi qüvvələrin lider ətrafında deyil, ideologiya ətrafında birləşməsinin tərəfdarıyıq. BAXCP-nin yaradacağı blok da bu məqsədi güdəcək. Ümummilli, strateji məsələlərlə bağlı bir araya gəldikdən sonra, seçkiyə yaxın vahid namizəd müəyyənləşəcək" - deyə Mirzəbəyli qeyd edib.

Onun sözlərinə görə, BAXCP həmin namizədin Həsənquliyev olmasının tərəfdarıdır.

Qeyd edək ki, Həsənquliyevin rəhbərliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir qrup üzvü 2002-ci ildə partiyadan ayrılaraq özlərinin "birləşdirici" qurultayını keçiriblər. Bu partiya 2004-cü ilə qədər AXCP-nin "birləşdirici" qanadı kimi tanınıb. 2004-cü ildə qurumun adında dəyişiklik edilib və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının təsis qurultayı keçirilib. BAXCP 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Həsənquliyev Milli Məclisin deputatıdır.

Xəbər lenti

Xəbər lenti