...

Azərbaycanın hakim partiyası Rusiya informasiya agentliyinə etiraz məktubu göndərib

Siyasət Materials 10 İyul 2007 18:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) Rusiyanın "Regnum" İnformasiya Agentliyinin internet səhifəsində "Dağlıq Qarabağ" adlı xüsusi bölmənin yerləşdirilməsi ilə bağlı adıçəkilən agentliyə etiraz məktubu göndərib. Bu barədə çərşənbə axşamı partiyanın mətbuat xidmətindən məlumat verilib. Beynəlxalq səviyyəli kütləvi informasiya vasitələrində yayılan məlumatların ictimai rəyə təsirini nəzərə çatdıran məktubda deyilir ki, bu cür informasiya agentlikləri vasitəsilə yayılan məlumatlar obyektiv, dəqiq və qərəzsiz olmalıdır. "Reqnum" informasiya agentliyinə məxsus internet saytında "Dağlıq Qarabağ" adlı xüsusi bölmənin yerləşdirilməsi və burada qondarma "DQR"-də keçirilməsi nəzərdə tutulan saxta prezident seçkiləri ilə bağlı geniş məlumatların verilməsi adıçəkilən elektron vasitəsinin qərəzli mövqeyindən xəbər verir.

Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpağında - Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan prezident seçkisi dünyanın aparıcı beynəlxalq təşkilatları - BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı və ayrı-ayrı ölkələr tərəfindən birmənalı olaraq pislənib.

YAP ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Rusiyanın "Reqnum" informasiya agentliyinin bu hərəkətlərini pisləyir və bunu Rusiya-Azərbaycan strateji əməkdaşlığına uyğun olmayan bir addım kimi qiymətləndirir. Agentliyin obyektiv deyil, ermənipərəst mövqe nümayiş etdirməsini pisləyən məktubda daha sonra qeyd olunub ki, birtərəfli şəkildə Ermənistanın mövqeyini müdafiə edən materiallara üstünlük verən "Reqnum"un fəaliyyəti beynəlxalq aləmdə təsbit olunmuş informasiya mübadiləsi qaydalarına tam ziddir.

Xəbər lenti

Xəbər lenti