...

Nazir müavini: "Azərbaycanla Rusiya sərhədinin 92 faizi razılaşdırılıb"

Siyasət Materials 12 İyul 2007 12:19 (UTC +04:00)
Nazir müavini: "Azərbaycanla Rusiya sərhədinin 92 faizi razılaşdırılıb"

Dünən Mahaçqalada Dağıstan hökumətinin iclas zalında Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının ilkin görüşü olub. Bu barədə "RİA Daqestan" xəbər yayıb.

Rusiya tərəfdən görüşdə RF XİN-in xüsusi işlər üzrə səfiri Aleksandr Yakovenko (Komissiyanın sədri), Dağıstan hökumətinin birinci müavini Qitinomaqamed Hacımaqamedov, Komissiya sədrinin müavini, Dağıstanın milli siyasət, informasiya və xarici əlaqələr naziri Eduard Urazayev, Dağıstan hərbi komissarı Maqamed Tinomaqamedov işktirak edib.

Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın torpaq və xəritəçəkmə Dövlət Komissiyasının sədri, Dövlət Komissiyasının sədr müavini Qərib Məmmədov, daxili işlər nazirinin müavini, Dövlət Komissiyasının üzvü Oruc Zalov, Hərbi hazırlıq və baş əməliyyat idarəsinin rəhbəri, Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin birinci müavini, Komissiyanın üzvü Eyvaz Cəfərov və digər səlahiyyətli şəxslər iştirak ediblər.

Görüşü açan Hacımaqamedov bir çox işlərin görüldüyünü, yalnız üç mübahisəli sahənin qaldığını bildirib. "Zənnimcə, biz hamılıqla qəbul olunan beynəlxalq normalara söykənərək Dövlət Komissiyasının işi çərçivəsində qarşımızda duran bütün məsələləri həll etməyə çalışacağıq" - deyə o qeyd edib.

Azərbaycanın xarici işlər nazirinin müavini Xələfov öz nitqinə təşəkkürlə başlayıb. "Vaxt tapıb bizi qəbul etdiyinizə görə sizə minnətdaram. Dağıstan bizim yalnız ən mühim strateji qonşularımızdan deyil, həmçinin ən yaxın qonşularımızdandır. Bizim xalqlarımızın tarixi dostluq bağı var. Bizim vəzifəmiz də xalqlarımız arasında qarşılıqlı əlaqələri möhkəmləndirmək və onların inkişafı üçün şərait yaratmaqdır" - deyə o bildirib.

"Bu gün Rusiya-Azərbaycan əlaqələri strateji xarakter daşıyır. Qeyd etmək lazımdır ki, Rusiya və Azərbaycan arasında maneə, gələcək yaxınlaşma üçün məhdudiyyətlər yoxur. Əmtəə dövriyyəsi 1,5 mlrd. dollar təşkil edir və bu arta da bilər. Biz növbəti görüşün Mahaçqalada keçirilməsindən məmnunuq. Faktiki olaraq sərhədin 92 faizi Dövlət Komissiyası səviyyəsində delimitasiya olunub. Yalnız 8 faiz, yəni 3 sahə qalıb ki, burda da mövqelərdə müəyyən yaxınlaşma var. Ümid edirəm ki, göstərilən səylər sayəsində biz bunu razılaşdıracağıq" - deyə Xələfov əlavə edib.

Sonda Xələfov Dağıstanın ikitərəfli dövlət əlaqələrinin tərkib hissəsi olduğunu, Azərbaycan və Rusiyanın bu qarşılıqlı əlaqə körpüsünün möhkəm olması üçün hər şey etdiyini bildirib.

RF XİN-in xüsusi işlər üzrə səfiri, Komissiyanın sədri Yakovenko Azərbaycan və Rusiyanın Komissiyanın işini uzatmaq üçün heç bir əsası olmadığını bildirib. O, razılaşma üçün bütün şərtlərin olduğuna ümidini ifadə edib.

Dövlət Komissiyasının 13-cü toplantısının işi bügün, iyulun 12-də başlayacaq.

Xəbər lenti

Xəbər lenti