...

İsa Qəmbər: "Seçki komissiyalarının formalaşma prinsipi dəyişməyəcəksə, MSK-ya nümayəndə göndərməyəcəyik"

Siyasət Materials 12 İyul 2007 13:27 (UTC +04:00)
İsa Qəmbər: "Seçki komissiyalarının formalaşma prinsipi dəyişməyəcəksə, MSK-ya nümayəndə göndərməyəcəyik"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müsavat Partiyası Mərkəzi Seçki Komissiyasına nümayəndəsini göndərməmək barədə qərarını dəyişməyib. Bu barədə partiyanın başqanı İsa Qəmbər açıqlama verib.

Qeyd edək ki, Azərbaycanda seçki komissiyaları parlamentdə təmsil olunan partiyaların və bitərəf deputatların nümayəndələrindən ibarət formalaşdırılır. Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibi altı nəfər parlamentdə çoxluq təşkil edən partiyanın, altısı azlıqda olan partiyaların, qalan altısı isə bitərəf deputatların nümayəndələrindən ibarət formalaşır.

Ölkə müxalifəti isə seçki komissiyalarının siyasi partiyalar arasında bərabərlik prinsipi ilə formalaşdırılmasını tələb edir.

Qəmbər bildirib ki, Müsavat Partiyası indiki şərtlərlə - hakimiyyətin nəzarəti altında olan seçki komissiyalarına nümayəndə göndərməkdən imina edib. Onun sözlərinə görə, komissiyaların formalaşma prinsipi dəyişməyəcəksə, partiyanın mövqeyi də dəyişməyəcək.

Partiya başqanı əlavə edib ki, "Müsavat" deputat qrupu Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsini Milli Məclisə təqdim edib. Seçki komissiyalarında paritetlik yaradılması ilə bağlı Müsavat Partiyasının konkret təklifləri var.

Qəmbərin sözlərinə görə, Avropa Şurasının Venesiya Komissiyası ilə Azərbaycan hökuməti arasında Seçki Məcəlləsinin dəyişdirilməsi ilə bağlı aparılan danışıqların yekununda seçki komissiyalarının formalaşma prinsipləri əvvəlki kimi saxlanacaqsa, bu, Müsavatın mövqeyinə təsir göstərməyəcək: "Beynəlxalq qurumların əsas prinsiplərdən geri çəkilməsi Müsavat Partiyasının mövqeyinin dəyişməsinə səbəb olmayacaq. Hakimiyyətin seçki komissiyalarını partiyaların nümayəndələri olmadan formalaşdırmaq ideyası da ciddi tənqid edilib. AŞPA rəhbəri Rene Van der Linden Bakıda olarkən həmin ideyanın uğurlu olmadığını vurğulayıb. Ona görə də hesab edirəm ki, seçki komissiyalarının formalaşdırılması məsələsi hələ aktuallığını saxlayacaq" - deyə Müsavat başqanı vurğulayıb.

O əlavə edib ki, Müsavat həmçinin "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunla bağlı müzakirələrdə öz təklifləri ilə çıxış edib. Həmin qanunun və Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı payızda başlanacaq beynəlxalq və yerli müzakirələrdə də partiya fəal iştirak edəcək.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkilərində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti