...

Siyasi xadimlər AMİP-in 15 illik fəaliyyətini qiymətləndiriblər

Siyasət Materials 17 İyul 2007 14:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) siyasi səhnədə böyük şansları olan bir partiya olub. Bu fikirlər cərşənbə axşamı AMİP-in yaradılmasının 15 illiyinə həsr olunmuş toplantıda səsləndirilib. 1991-ci ilin sonunda yaradılan və 1992-ci ildə ilk dövlət qeydiyyatına alınan AMİP- in yaradılmasından 15 il ötür. Bu münasibətlə keçirilən Dəyirmi masada partiyanın və onun lideri Etibar Məmmədovun Azərbaycanın milli azadlıq hərəkatında, müstəqil dövlətin qurulmasında, ölkədə çoxpartiyalı sistemin yaradılmasında və s. proseslərdə iştirakı barədə danışılıb.

Millət vəkili Əli Məsimov bildirib ki, AMİP öz ətrafına intellektual səviyyəli insanları toplamağı bacarıb. Onun sözlərinə görə, AMİP uğurlu xarici əlaqələri olan partiyalardan biridir. Digər deputat Vahid Əhmədov da bildirib ki, AMİP Azərbaycanda uğurlu fəaliyyət göstərən 4-5 partiyadan biridir. Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov qeyd edib ki, AMİP özündə güc tapıb bütün fəaliyyətini təhlil etməlidir, bu yolla o, uğur qazana bilər. Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib ki, AMİP-də hər zaman realist qüvvələr toplaşıb. Buna görə də partiyanın böyük şansları olub. Millət vəkili Pənah Hüseyn siyasi partiyaların tarixində AMİP-in rolunu qeyd etməklə yanaşı, bu partiya ilə münasibətlərində bəzən gərginliyin də olduğunu qeyd edib. Partiyalar arasında rəqibliyi təbii sayan millət vəkili Hüseynin sözlərinə görə, Məmmədovun öz çəkisi AMİP-in nüfuzundan daha yüksəkdir. Sonda AMİP lideri Məmmədov çıxışında qeyd edib ki, bu partiya hər zaman cəmiyyətə yeni ideyalar, proqramlar təqdim edib.

Xəbər lenti

Xəbər lenti