...

Azərbaycan parlamentinin keçmiş spikeri Rusiyanın "Dostluq" ordeni ilə təltif edilib

Siyasət Materials 17 İyul 2007 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan parlamentinin deputatı, Milli Məclisin sabiq sədri Murtuz Ələsgərov Rusiya Federasiyasının "Dostluq" ordeni ilə təltif edilib. Çərşənbə axşamı Milli Məclisdə ordenin Ələsgərova təqdim edilməsi mərasimi olub. Milli Məclis sədrinin birinci müavini, parlamentin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov bildirib ki, Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafındakı xidmətlərinə görə, Rusiya prezidenti Vladimir Putin Murtuz Ələsgərovu "Dostluq" ordeni ilə təltif edib. Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov qarşılıqlı münasibətlərin bütün sahələrdə inkişafında və möhkəmlənməsində Ələsgərovun xidmətlərinin ölkəsində yüksək qiymətləndirildiyini bildirib. Səfir Ələsgərovun ordenlə təltif olunması barədə prezident Putinin fərmanını oxuyub və mükafatı təqdim edib. Ələsgərov çıxış edərək, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən "İstiqlal", RF prezidenti Vladimir Putin tərəfindən isə "Dostluq" ordeni ilə təltif olunmasını ona göstərilən yüksək diqqət və qayğının, xidmətlərinə verilən qiymətin təzahürü kimi dəyərləndirib və dövlət başçılarına minnətdarlığını bildirib. Milli Məclisin regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev çıxış edərək Ələsgərovun elm və təhsildə, Milli Məclisin sədri vəzifəsində olduğu vaxtlarda, eləcə də deputat fəaliyyətində xidmətlərindən danışıblar.

Xəbər lenti

Xəbər lenti