...

Əli Kərimli: "Beynəlxalq təşkilatların Azərbaycan hökuməti ilə danışıqlarında "Azadlıq" blokunun təklifləri müzakirə olunacaq"

Siyasət Materials 19 İyul 2007 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Azadlıq" bloku Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı hazırladığı təkliflər layihəsini hazırda beynəlxalq təşkilatlarla müzakirə edir. Bu barədə "Azadlıq" blokunun həmtəsisçisi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli məlumat verib.

O bildirib ki, blokun hazırladığı layihə ATƏT-ə, ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar üzrə Varşava Bürosuna, Avropa Şurasının Venesiya Komissiyasına təqdim edilib. Kərimlinin sözlərinə görə, həmin beynəlxalq qurumlardan cavab məktubu daxil olub və bildirilib ki, Azərbaycan hökuməti ilə aparılacaq müzakirələrdə "Azadlıq" blokunun təklifləri nəzərə alınacaq.

"Onlar təklif ediblər ki, bizim hazırladığımız layihə Azərbaycan hökuməti ilə aparılan danışıqlarda əsas sənədlərdən biri kimi müzakirəyə çıxarılsın. Eyni zamanda payızda aparılacaq bu danışıqlara biz də dəvət olunacağıq. Dəvəti qəbul edərək müzakirələrdə iştirak edəcəyik və öz layihəmizi orada əsaslandıracağıq" - deyə Kərimli qeyd edib.

Seçki Məcəlləsində ən prinsipial məqam sayılan seçki komissiyalarının formalaşdırılması üsullarına gəldikdə, AXCP sədri bildirib ki, beynəlxalq ekspertlər bu məsələnin detallı şəkildə müəyyənləşməsini nəzərdə tuturlar. Kərimli xatırladıb ki, Avropa Şurasının Venesiya Komissiyası bu məsələ ilə əlaqədar hələ bir neçə il əvvəl öz təklifini irəli sürüb: "Venesiya Komissiyasının mövqeyi bundan ibarətdir ki, seçki komissiyaları rəqabət aparan partiyaların bərabər təmsilçiliyi əsasında formalaşsın. Yəni, Venesiya Komissiyası bizim təklif etdiyimiz paritetlik prinsipini artıq dəstəkləyib. Hökumət isə müxtəlif yayındırıcı variantlar irəli sürüb ki, seçki komissiyalarında bəlkə QHT-lərin nümayəndələri təmsil olunsun. Yaxud digər absurd ideya ortaya atıldı ki, komissiya üzvləri test üsulu ilə seçilsin. Bunların hamısı beynəlxalq təşkilatlar, konkret olaraq Avropa Şurası tərəfindən məqbul hesab edilməyib" -deyə "Azadlıq" blokunun həmsədri vurğulayıb.

Kərimli həmçinin deyib ki, sentyabrda isə "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun beynəlxalq müzakirələrinə nail olmağa çalışacaqlar.

AXCP lideri onu da deyib ki, gələn il keçiriləcək prezident seçkilərinə qədər

Seçki Məcəlləsinin dəyişdirilməsinə, sərbəst toplaşmaq hüququnun təmin olunmasına, televiziya mühitində plüralizmin yaradılmasına nail olmağa çalışacaq. Əgər bu məqsədlərə nail olunsa, "Azadlıq" bloku prezident seçkisində iştirak edəcək. Əks halda, seçkini boykot edəcək.

"Azadlıq" blokunda üç müxalifət partiyası -AXCP, Azərbaycan Liberal Partiyası (ALP) və Vətəndaş və İnkişaf Partiyası təmsil olunur.

Xəbər lenti

Xəbər lenti