...

Prezident Aparatı rəsmisi: "Azərbaycanda seçki komissiyalarının paritet formalaşdırılması mümkün deyil"

Siyasət Materials 23 İyul 2007 11:57 (UTC +04:00)
Prezident Aparatı rəsmisi: "Azərbaycanda seçki komissiyalarının paritet formalaşdırılması mümkün deyil"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan hökuməti ilə Avropa Şurası Venesiya Komissiyası arasında sentyabrda keçiriləcək müzakirələrdə Seçki Məcəlləsinə əlavə və dəyişikliklər olunacaq. Bu barədə Azərbaycan Prezident Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Trend ə məlumat verib.

Həsənov qeyd edib ki, Seçki Məcəlləsi və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanun hazırda Venesiya Komissiyası ilə Azərbaycan hökuməti arasında müzakirə obyektidir. Müzakirələrdə Azərbaycan tərəfdən Milli Məclisin, Prezident Aparatının nümayəndələri də iştirak edir. Həsənovun sözlərinə görə, hər iki qanunla bağlı bəzi yeni təkliflər var, lakin onların mahiyyəti açıqlanmır.

"Müzakirələrin davamı sentyabrda Bakıda olacaq. Bu görüş qanunlarla bağlı təklif verən tərəflərin hamısının iştirakı ilə keçiriləcək. Yəni, müzakirələrdə müxalifətin, ictimai qurumların nümayəndələri də iştirak edəcək. Müzakirələrin nəticəsində dəyişiklik gözlənilir. Hakimiyyət olaraq bizim mövqeyimiz ondan ibarətdir ki, seçki təcrübəsinin təkmilləşdirilməsinə, seçkinin daha demokratik, ədalətli, şəffaf keçirilməsinə, insanların seçkiyə etimadının artırılmasına xidmət edən təkliflərə "hə" deyirik və onları qəbul edirik. Amma o təkliflər ki, seçkini ayrı-ayrı insanların iradəsindən asılı vəziyyətə salmağa yönəlir, maraqlı tərəflərin istəyi ilə seçkini pozmağa xidmət edir, onları qəbul etməyəcəyik" - deyə Həsənov qeyd edib.

O, müxalifətin təkidlə tələb etdiyi seçki komissiyalarının paritet əsasda, yəni, iqtidarla müxalifət arasında bərabər bölüşdürülməsi təklifinin Azərbaycan hakimiyyəti tərəfindən qəbul edilib-edilməyəcəyinə də münasibətini bildirib. Prezident Aparatı rəsmisinin sözlərinə görə, bu variantın qəbulu mümkün deyil: "Hal-hazırda Azərbaycanda seçki komissiyalarının paritet formalaşdırılması mümkün deyil. Çünki Azərbaycanda siyasətin tərəfləri yalnız iqtidarla müxalifət deyil. Siyasətlə məşğul olmayan, siyasi proseslərə qatılmayan, lakin hüquqları siyasətçilərdən heç də az olmayan təbəqə var. Bu insanların sayı iki siyasi tərəfin sayından qat-qat çoxdur. Ona görə də belə paritetlik ola bilməz. Əgər olacaqsa, o zaman seçkidə maraqları olan bütün tərəflərin təmsilçiliyi təmin edilməlidir" - deyə Prezident Aparatı rəsmisi qeyd edib.

Xəbər lenti

Xəbər lenti