...

Azərbaycanlı millət vəkili: "Türkiyədə parlament seçkiləri beynəlxalq standartlara uyğun keçirilib"

Siyasət Materials 23 İyul 2007 12:59 (UTC +04:00)
Azərbaycanlı millət vəkili: "Türkiyədə parlament seçkiləri beynəlxalq standartlara uyğun keçirilib"

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Türkiyədə növbədənkənar parlament seçkiləri tam olaraq demokratik, şəffaf və beynəlxalq standartlara uyğun keçirilib. Bu barədə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, bu qurumun xətti ilə Türkiyədə keçirilən parlament seçkilərini müşahidə etmiş millət vəkili Gültəkin Hacıyeva bazar ertəsi telefonla İstanbuldan məlumat verib.

Hacıyeva bildirib ki, İstanbulda on seçki məntəqəsində seçkiləri müşahidə edib.

"Tam məsuliyyətlə deyə bilərəm ki, Türkiyədəki növbədənkənar parlament seçkiləri ən yüksək Avropa standartlarına uyğun səviyyədə həyata keçirilib. Seçkilərin istər təşkilati hazırlığı, istərsə də seçicilərin fəallığı yüksək səviyyədə idi" - deyə AŞPA-nın azərbaycanlı müşahidəçisi əlavə edib.

O qeyd edib ki, 22 iyul seçkilərində seçicilərin yüksək fəallığı müşahidə olunub ki, bu da seçkiqabağı təbliğat kampaniyasının yüksək səviyyədə keçirilməsinin nəticəsidir.

Onun sözlərinə görə, ATƏT, Avropa Birliyi və Avropa Şurasının xətti ilə seçkiləri izləyən beynəlxalq müşahidəçilərin yekun rəyi bir bir neçə saatdan sonra açıqlanacaq və bununla bağlı mətbuat konfransları keçiriləcək.

Hacıyevanın sözlərinə görə, növbədənkənar parlament seçkilərinə qatılmış siyasi partiyalar da nəticələri qəbul edirlər. Siyasi qüvvələrin heç bir narazılığı müşahidə olunmur.

Bazar günü Türkiyədə növbədənkənar parlament seçkiləri keçirilib. Son hesablamalara görə, iqtidarda olan Ədalət və İnkişaf Partiyası (AKP) səslərin 46,66 faizini qazanaraq parlamentdə 341 millət vəkili ilə təmsil olunacaq. İkinci yerdə olan Cumhuriyyət Xalq Partiyası (CHP) səslərin 20,85 faizini qazanıb və parlamentdə 111 millət vəkili ilə təmsil olunacaq. 14,29 faiz səs alaraq üçüncü yeri tutan Milliyətçi Hərakat Partiyası (MHP) Böyük Millət Məclisində 70 deputatla təmsil olunacaq. Parlamentə 28 nəfər müstəqil deputat da seçilib.

Xəbər lenti

Xəbər lenti