...

Parlamentin komissiya sədri: "Alternativ hərbi xidmət haqqında" qanunun qəbul edilməsi vacibdir"

Siyasət Materials 24 İyul 2007 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Azərbaycan haqqında qəbul olunan qətnamədə əks olunan tənqidi məqamlardan biri də "Alternativ hərbi xidmət haqqında" qanunun qəbul edilməməsi ilə bağlıdır və ona görə də bu qanunun qəbul olunması vacibdir. Bu barədə çərşənbə axşamı Bakıda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Əli Hüseynov məlumat verib.

"Mən bu qanunun qəbul olunması üçün deputat həmkarlarımı siyasi iradə nümayiş etdirməyə çağırıram" - deyə komissiya sədri vurğulayıb.

O qeyd edib ki, bu qanunun qəbul olunub-olunmaması ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər var: "Hesab edirəm ki, "Alternativ hərbi xidmət haqqında" qanunun qəbul edilməsi Azərbaycan üçün ciddi problem yaratmayacaq".

Azərbaycan Avropa Şurasına daxil olarkən öz üzərinə "Alternativ hərbi xidmət haqqında" qanunun qəbul olunacağına dair öhdəlik götürüb. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası "Alternativ hərbi xidmət haqqında" qanun layihəsi hazırlayıb. Layihə parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti