...

"Azadlıq" blokunun həmsədri: "Türkiyənin hakim partiyasının təcrübəsi Azərbaycanda da öyrənilməlidir"

Siyasət Materials 25 İyul 2007 12:49 (UTC +04:00)
"Azadlıq" blokunun həmsədri: "Türkiyənin hakim partiyasının təcrübəsi Azərbaycanda da öyrənilməlidir"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Türkiyənin hakim partiyası olan AKP-nin (Ədalət və İnkişaf Partiyası) təcrübəsi Azərbaycanda siyasi partiyalar tərəfindən öyrənilməlidir. Bu barədə müxalifəti təmsil edən "Azadlıq" blokunun üzvü, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev açıqlama verib.

O qeyd edib ki, bazar günü Türkiyədə keçirilən parlament seçkiləri gözlənilən proqnozları doğrultmadı. Bu seçki ölkədəki ictimai rəyin başqa cür olduğunu göstərdi.

"Türk xalqı son 50 ildə ilk dəfə olaraq bir partiyaya ikinci dönəmdə hakimiyyətdə olmaq səlahiyyəti verdi. Bu, Türkiyənin özündə də gözlənilməz nəticə kimi qarşılandı. Hesab edirəm ki, iqtidarda olduğu dövrdə Ərdoğanın siyasi taktikası uğurlu oldu. AKP-nin ideoloji kursu digər ölkələrdə də tətbiq oluna bilər" - deyə "Azadlıq" blokunun həmsədri qeyd edib.

Əliyevin fikrincə, Azərbaycanda da əhalinin böyük əksəriyyəti etnik baxımdan türk, dini mənsubiyyət baxımından müsəlman olduğu üçün AKP-nin uğur qazanan siyasi taktikası bizdə də öyrənilməlidir. Əliyev qeyd edib ki, Ərdoğanın əhali ilə canlı təmasları, onları narahat edən problemlərin öyrənməsi, dini, milli-mənəvi dəyərlərə hörmətlə yanaşması və yaşatması kimi üstün keyfiyyətləri onu Türkiyənin sağ-mərkəzçi siyasi düşərgəsində liderə çevirib: "AKP sağ-mərkəzçi düşərgədə olan digər partiyaları demək olar ki, sıradan çıxarıb. Ona görə də bu kəsimin səslərini özünə cəlb etməyi bacardı".

Xəbər lenti

Xəbər lenti