Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda bu ilin birinci yarımilliyində qanunsuz dövriyyədən 185 kiloqramdan artıq narkotik vasitə götürülüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 81 kq çoxdur. Bu barədə çərşənbə günü Daxili İşlər Nazirliyinin (DİN) bu ilin birinci yarımilliyinə həsr olunan kollegiya iclasında çıxışı zamanı daxili işlər nazirinin müavini Vilayət Eyvazov məlumat verib. Onun sözlərinə görə, hesabat dövründə həmçinin 160 ton narkotik xassəli bitki yaşıl kütlə halında məhv edilib. Narkotiklərin satışı ilə bağlı 520 cinayət hadisəsi baş verib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 48 fakt çoxdur. Bu növ cinayətlərə görə 1119, o cümlədən onların satışı ilə məşğul olan 383 nəfər məsuliyyətə cəlb edilib, 69,4 kq narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə daxil olmasının qarşısı alınıb.
Eyvazov deyib ki, vətəndaşlardan daxil olmuş ərizələrin ümumi sayı 3,7 faiz, o cümlədən daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı olanlar 11,2 faiz azalıb. Nazirlikdə fəaliyyət göstərən "Qaynar xətt" vasitəsi ilə vətəndaşlardan daxil olmuş 749 müraciətdən 53-ü nəzarətə götürülüb, 692 müraciət üzrə vətəndaşlara ətraflı izahatlar verilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin