...

Azərbaycanda Azərbaycan-rus sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı ekspertlərin görüşü başlanıb

Siyasət Materials 26 İyul 2007 13:30 (UTC +04:00)

Azərbaycan, Şəki /müx. Trend E.Quliyev / Bakıdan 390 kilometr şimal-qərbdə yerləşən Balakən rayonunda Azərbaycan-rus sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı İşçi qrup ekspertlərinin görüşü başlanıb.

İkigünlük səfər zamanı qonşu ölkələrin ekspertləri Azərbaycan respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədlərinin razılaşdırılmamış hissələrini müzakirə edəcəklər.

Balakən rayonunda yerləşən sərhəd hissəsi bu günə qədər müəyyənləşdirilməmiş üç sərhəd məntəqəsindən biridir. Məntəqə Böyük Qafqaz silsiləsinin yamacında çətin keçilən ərazidə yerləşir. Göstərilmiş xəritəni və faktiki nəticələri müqayisə etmək məqsədilə ekespertlər piyada bu yerləri keçməlidirlər.

İşçi qrupun görüşünə dair yekun sənəd dövlət sərhədinin delimitasiyası ilə bağlı komissiyanın Bakıda keçiriləcək 14-cü yığıncağının gündəliyinə daxil ediləcək.

Komissiyanın iyulun 11-12-də Mahaçqalada keçirilən 13-cü yığıncağı zamanı tərəflər müvafiq məsələ ilə bağlı iki ölkənin mövqeyinin yaxınlaşdırılıması istiqamətində işi davam etdirmək qərarına gəliblər. Yığıncağın işində Azərbaycan tərəfindən başda Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov olmaqla hökumət üzvlərindən ibarət nümayəndə heyəti iştirak edib. Rusiya tərəfindən müvafiq komissiyaya RF XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Aleksandr Yakovenko həmsədrlik edir.

Bu günə qədər 3 sərhəd məntəqəsi müəyyənləşdirilməmiş qalıb ki, bu da iki ölkə arasından keçən bütün sərhədlərin 5%-ni təşkil edir. Bunlardan biri Samur çayı üzərindəki körpüdür. Digər məntəqə isə Xaçmaz rayonunun sahilyanı meşə massividir. Sonuncu məntəqə Balakən rayonunda yerləşir.

Xəbər lenti

Xəbər lenti