...

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınmasıyla məşğul olan qrup yaxalayıb

Siyasət Materials 26 İyul 2007 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Dövlət Sərhəd Xidmətinin (DSX) birgə keçirdiyi tədbirlər nəticəsində "İran-Azərbaycan" və "İran-Azərbaycan-Rusiya" marşrutları üzrə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınmasıyla məşğul olan şəxslər yaxalanıb və ümumilikdə 21 kiloqramdan artıq narkotik maddə götürülüb. Bu barədə cümə axşamı MTN-in İctimai Əlaqələr Mərkəzindən məlumat verilib. Məlumata görə, İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olanlar Yardımlı rayon sakini 1961-ci il təvəllüdlü Firudin Əliyev və onun oğlu, 1989-cu il təvəllüdlü Hamil Əliyevdir. Onlardan 2 kiloqrama yaxın heroin və 9 kq 743,4 qram həşiş aşkarlanıb.

Müəyyən edilib ki, F.Əliyev Yardımlının Arus kəndi ərazisində satış məqsədilə qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana narkotik vasitə gətirmək üçün hazırda şəxsiyyəti istintaq tərəfindən araşdırılan Məmmədəli adlı İran vətəndaşı ilə görüşüb. Və oğlu H.Əliyev vasitəsilə 1000 dollar müqabilində narkotik maddəni Bakı şəhərinə aparıb hazırda şəxsiyyəti istintaqla araşdırılan bir nəfərə çatdırmaq barədə sövdələşiblər. F.Əliyev həmin narkotik vasitələri idarə etdiyi "KaMAZ" markalı yük maşınının kabinəsində gizlədərək, oğlu Hamil ilə birlikdə Bakı istiqamətində hərəkət edərkən Masallı-Yardımlı magistral yolunda MTN əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanılıb.

MTN tərəfindən daha sonra İran-Azərbaycan-Rusiya marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan Cəlilabad rayon sakini 1970-ci il təvəllüdlü İlham Bağırov, Gəncə şəhər sakinləri - 1952-ci il təvəllüdlü Ramiz Paşayev və 1979-cu il təvəllüdlü Elmir Əliyev saxlanılıb. Onlardan 9 kq 778, 1 qram narkotik vasitə olan həşiş aşkarlanıb. Məlum olub ki, Əliyev narkotik vasitə əldə etmək üçün Bağırova altı min dollar göndərib və on kq narkotik maddə sifariş edib. Bundan başqa, Əliyev Paşayevdən 13 min dollar alaraq İmişli rayon ərazisində Bağırova verib.

Faktla bağlı CM-nin 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanılıb.

Xəbər lenti

Xəbər lenti