...

Azərbaycan Albaniyaya nota təqdim edəcək

Siyasət Materials 27 İyul 2007 18:32 (UTC +04:00)
Azərbaycan Albaniyaya  nota təqdim edəcək

Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova, E.Hüseynov/ Azərbaycan Albaniyanı BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əməl etməyə və Ermənistana silah göndərməməyə çağırıb. "İrəvanın silahlanması region üçün təhlükə kəsb edir. Rəsmi Bakı Albaniyaya bu ölkənin Ermənistana silah tədarük etməsinə etiraz əlaməti olaraq nota göndərməyə hazırlaşır", - deyə cümə günü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə bəyan eldib. Bu barədə məlumatı Lider televiziyası yayıb.

Bu günlərdə Türkiyə Ermənistana iri silah və döyüş sursatı partiyasının göndərilməsi üçün ərazisindən istifadə olunması ilə bağlı Albaniyanın müraciətindən imtina edib. 60 konteyner ağır artileriya və hərbi sursatla yüklənilmiş gəmi İstanbul limanından geri qaytarılıb.

Nazir bildirib ki, Ermənistan üçün nəzərdə tutulan silahla Albaniya gəmisinin Türkiyə hökuməti tərəfindən saxlanılması ilə əlaqədar Azərbaycan tərəfi bu gün Albaniya XİN-ə nota göndərəcək.

"Notanın mətni artıq hazırdır. Biz qeyd edirik ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsasən, heç bir ölkə bu münaqişənin tərəfləri olan ölkələrə silah tədarük etməməlidir",-deyə XİN rəhbəri qeyd edib.

KİV-in məlumatlarına əsasən, Ermənistana "Pinari" marakalı silah satmaq niyyətində olan MEIKO şirkətinin nümayəndəsi bildirib ki, silahın Ermənistana satışı qanuni qayadada həyata keçirilir.

"Hazırda biz silahın Ermənistana daşınmasının digər yollarını nəzərdən keçiririk", - deyə bildirən şirkət nümayəndəsi Ermənistan Müdafiə Nazirliyinin şirkətə iri partiya artileriya qurğuları (75 mm və 122 mm) sifariş etdiyini əlavə edib.

Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası ilə başlayıb. 1992-ci ildən etibarən Azərbaycanın 20% ərazisi - Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistanın Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs haqqında razılığa gəlib və indiyə qədər ATƏT-in Minsk Qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti