...

İqbal Ağazadə: "Seçki komissiyalarının formalaşmasına dair "Azadlıq" blokunun təklifi hüquqi baxımdan yanlışdır"

Siyasət Materials 30 İyul 2007 12:47 (UTC +04:00)
İqbal Ağazadə: "Seçki komissiyalarının formalaşmasına dair "Azadlıq" blokunun təklifi hüquqi baxımdan yanlışdır"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı / Ümid Partiyası Seçki Məcəlləsinə əlavə və dəyişikliklərə dair hazırladığı qanun layihəsini siyasi partiyalara və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinə təqdim edib. Bu barədə partiyanın sədri, millət vəkili İqbal Ağazadə məlumat verib.

Ümid Partiyası hazırladığı təkliflər layihəsində Mərkəzi Seçki Komissiyasının (MSK) paritet əsasda - 9 nəfər hakim partiyanın, 9 nəfər müxalifət partiyaların nümayəndələrindən ibarət formalaşdırılmasını təklif edir.

Ağazadə bildirib ki, seçki komissiyalarının son parlament seçkilərində iştirak etmiş partiyaların nümayəndələrindən ibarət bərabərlik prinsipi ilə formalaşdırılması ən optimal variantdır: "Təklif edirik ki, seçki komissiyalarında doqquz yerə hakim Yeni Azərbaycan Partiyası və ona yaxın olan Ana Vətən Partiyasının nümayəndələri, qalan doqquz yerə son parlament seçkisində iştirak etmiş müxalifət partiyaları seçilsin. Həmin müxalifət partiyalarının sayı səkkizdir - ADP, AMİP, AXCP, ASDP, ALP, VHP, Müsavat, Ümid partiyaları" - deyə Ağazadə bildirib.

Ağazadə qeyd edib ki, partiyanın təkliflər layihəsi Milli Məclisin payız sessiyası başlanan kimi parlamentin müvafiq komissiyalarına da təqdim olunacaq.

Sentyabrda Ümid Partiyası öz layihəsinin ictimai müzakirəsini keçirəcək. Həmçinin partiya sədri beynəlxalq təşkilatlar və Azərbacyan hökumətinin iştirakı ilə Bakıda keçiriləcək görüşə qatılaraq Seçki Məcəlləsinin müzakirələrində iştirak edəcək.

Ağazadə "Azadlıq" bloku tərəfindən hazırlanan təkliflər layihəsini isə məqbul hesab etmir. "Azadlıq" bloku seçki komissiyalarının son parlament seçkilərində bir faizlik baryeri keçmiş partiyalardan (YAP, ALP, ADP, AMİP, AXCP, ASDP, Müsavat) ibarət formalaşdırılmasını təklif edir. Ümid Partiyası sədrinin sözlərinə görə, bu təklif hüquqi baxımdan düzgün deyil, çünki həmin partiyaların bir neçəsi blok şəklində iştirak ediblər. Ağazadənin fikrincə, əgər blok şəklində iştirak olmasaydı, (ADP, AXCP, Müsavat - "Azadlıq" blokunda, ASDP, ALP, AMİP - "Yeni Siyasət" bloku çərçivəsində seçkiyə qatılmışdı) bu partiyaların namizədləri daha az səs toplayar, yəni fərqli nəticələr əldə oluna bilərdi: "Parlament seçkiləri proporsional deyil, mojaritar qaydada keçirilib. Ona görə də "Azadlıq" blokunun təklifinin hüquqi bazası mövcud reallıqla uyğun gəlmir".

Müxalifəti təmsil edən Ümid Pariyası 1993-cü ildə yaradılıb. 2002-ci ildə Vətəndaş Birliyi Partiyası (VBP) Ümid Pariyasına birləşib. VBP-nin sədri olmuş Ağazadə birləşmədən sonra Ümid Partiyasına sədr seçilib. Ağazadə Milli Məclisin deputatıdır.

Xəbər lenti

Xəbər lenti