...

Növbəti Qarabağ Forumu adından yeni təkliflər sənədi hazırlanacaq

Siyasət Materials 30 İyul 2007 15:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı / Üç müxalifətçi partiyanın təmsil olunduğu Demokratiya Uğrunda İttifaqın avqustun 7-də keçirəcəyi növbəti Qarabağ Forumunda yeni təkliflər sənədi və bəyanat qəbul ediləcək. Bu barədə İtifaqda təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu məlumat verib.

Onun sözlərinə görə, bu dəfəki Forumun əvvəlkilərdən bir qədər geniş tərkibdə olması nəzərdə tutulur. Toplantıda Dağlıq Qarabağ probleminin həllinə dair dövlət başçısına, Milli Məclisin spikerinə, AMEA-nın prezidentinə ünvanlanmış təkliflər, bu müraciətlərə verilən reaksiyalar, nəticələr müzakirə olunacaq.

Mirəlioğlunun sözlərinə görə, İttifaqın işçi qrupu sənəd hazırlayıb. Həmin sənəd avqustun 7-də keçiriləcək Forumda müzakirəyə çıxarılacaq, orada səslənən fikir və təkliflər də nəzərə alınaraq sənədə əlavə ediləcək. Yeni təkliflər sənədi yenidən ölkə rəhbərliyinə göndəriləcək. Həmçinin Forumun sonunda bəyanat qəbul ediləcək.

KXCP sədri qeyd edib ki, Foruma ictimai, siyasi, qeyri-hökumət qurumlarının rəhbərləri, Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının aidiyyatlı rəsmiləri dəvət olunacaq.

Demokratiya Uğrunda İttifaq müxalifətçi Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli Demokratiya partiyaları tərəfindən təsis olunub. İttifaq bu partiyaların məşvərət və əməkdaşlıq qurumudur. İttifaq bundan əvvəl iki dəfə Qarabağ Forumu təşkil edib.

Xəbər lenti

Xəbər lenti