...

Mirmahmud Mirəlioğlu: "Bəzi partiyalar bizi gözdən salmağa yönələn hərəkətlərini davam etdirəcəksə, cavablarını verəcəyik"

Siyasət Materials 30 İyul 2007 16:26 (UTC +04:00)
Mirmahmud Mirəlioğlu: "Bəzi partiyalar bizi gözdən salmağa yönələn hərəkətlərini davam etdirəcəksə, cavablarını verəcəyik"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı / ADP, AXCP və Müsavat partiyaları tərəfindən Demokratiya Uğrunda İttifaqa müsbət və ya mənfi münasibət göstəriləcəksə, bu, qarşılıqlı olacaq. Bu barədə Demokratiya Uğrunla İttifaqda (DUİ) təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu açıqlama verib.

Qeyd edək ki, DUİ bir müddət əvvəl bəyanat yayaraq bir neçə müxalifət partiyasını tənqid etmiş, özünü "əsas, aparıcı müxalifət" adlandıran ADP, AXCP, Müsavat və digər qisim partiyaları İttifaqa qara yaxmaqda, əks-təbliğat aparmaqda günahlandırmışdı. Həmçinin İttifaq bu partiyaları xaricdən asılı vəziyyətə düşməkdə, milli maraqlara deyil, xarici havadarlarına xidmət etməkdə ittiham edib.

Mirəlioğlu qeyd edib ki, İttifaqın həmin partiyalarla heç bir problemi yoxdur. Sadəcə olaraq, onlar bu partiyaların funksionerlərinin İttifaqla bağlı səsləndirdiyi fikirlərinə cavab verib: "Biz tərəfdən artıq bu məsələ qapanıb. Əgər bundan sonra bizə yaxşı münasibət göstərəcəklərsə, biz də öz dost əlimizi onlara uzadacağıq. Yox əgər yenə də İttifaqı gözdən salmağa yönələn hərəkətlərini davam etdirəcəklərsə, cavablarını verəcəyik. Ya da ümumiyyətlə reaksiya verməyəcəyik"-deyə Mirəlioğlu qeyd edib.

KXCP sədri xatırladıb ki, İttifaqın yaydığı bəyanatın sonunda həmin partiyaları özündə cəsarət taparaq bütün qərəzləri bir kənara qoymağa və milli maraqlar uğrunda birgə mübarizəyə çağırıb. İttifaq indi qarşı tərəfdən obyektiv mövqe gözləyir.

"Demokratiya Uğrunda İttifaq" müxalifətçi Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli Demokratiya partiyaları tərəfindən təsis olunub.

Xəbər lenti

Xəbər lenti