...

Uçan binanın sakinləri Azərbaycan prezidentinə müraciət ediblər

Cəmiyyət Materials 18 Sentyabr 2007 15:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Bakı şəhəri, Murtuza Muxtarov küçəsi 185 ünvanında inşa edilən çoxmərtəbəli bina qanuni olub və həmin binadan mənzil alanlara Bakı şəhər İcra Hakimiyyəti order verib, çərşənbə axşamı keçirdikləri mətbuat konfransında bu fikirləri həmin inşa edilən binanın sakinləri səsləndirib.

"Bina uçmamışdan bir neçə gün öncə bizə mənzillərin orderi təqdim olunub. Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı olmasaydı, bina necə tikilə bilərdi?" - binanın sakini Məhəmməd Ayvazov deyib.

Avqustun 28-də Murtuza Muxtarov küçəsi 185 ünvanında inşa edilən binanın uçması nəticəsində 25 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Faktla bağlı binanı inşa edən "Mütəfəkkir" firmasının rəhbəri Əli Muradov və firmanın digər 4 icraçısı və Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat Kooperativ İdarəsinin rəhbəri Akif Məhərrəmov həbs edilib.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov hadisədən sonra binanın qanunsuz tikildiyini bəyan edib.

Uçan binanın sakinləri deyib ki, əmlaklarının bərpa olunması ilə bağlı bir neçə dövlət qurumuna müraciət olunsa da, heç bir nəticəsi olmayıb. Sakinlər əmlaklarının bərpasına kömək etmək məqsədilə Azərbaycan prezidentinə müraciət ediblər.

Uçan binada 130 ailəyə order verilib.

Bakı şəhər İcra Hakimiyyəti sakinlərin səsləndirdiyi fikirlərə münasibət bildirməyib.

Xəbər lenti

Xəbər lenti