...

Qobustan qapalı həbsxanasında məhkumlar aclığı dayandırıblar

Cəmiyyət Materials 24 Sentyabr 2007 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Qobustan qapalı həbsxanasında məhkumlar aclığı dayandırıblar.

Qobustan həbsxanasının rəisi Əlizadə Hüseynov bazar ertəsi Trend ə bildirib ki, ona məhkumların aclığı dayandırması barədə məlumat daxil olsa da, məhkumlardan bu barədə ərizə almayıb.

Məhkumlar hesab edir ki, Azərbaycanda ölüm cəzasının ləğvindən sonra cəzaları ömürlüklə deyil, o zaman Cinayət Məcəlləsində ən ağır cəza olan 15 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməlidir.

Həbsxana rəisi son günlər 6 məhkumun aclıq etdityini bildirib. O deyib ki, məhkumların valideynləri onlara müraciət edərək aksiyanı dayandırmalarını xahiş ediblər.

Məhkumlar da bu müraciətdən sonra aksiyanı dayandırmaq barədə qərara gəliblər.

Məhkum Şakir Rzaxanovun anası Müslümat Rzaxanova Trend ə bldirib ki, oğlu ilə telefonla danışarkən bütün valideynlər adından aksiyanı dayandırmalarını xahiş edib. "Orucluq ayında belə bir aksiyanın keçirilməsi düzgün deyil. Oruc Allaha xatir tutulur. Onların hansısa tələblə aclıq etmələri dini cəhətdən düz deyil" - deyə Rzaxanova bildirib.

Rzaxanova məhkumların aksiyanı dayandırmaları barədə öyrənmək üçün həbsxana ilə əlaqə saxladığını və ona həbsxanadan məhkumların aclığı davam etdirdikləri barədə məlumat verildiyini deyib.

Rzaxanova həmçinin qeyd edib ki, Ombudsman məhkumların ərizə və şikayətlərinin rus dilində yazılmasına etiraz edib və bundan sonra rus dilində yazılan ərizə və şikayətlərə baxılmayacağını bildirib:"Məhkumlar Ombudsmanın bu qərarından narazıdır və tələb edirlər ki, rusdilli məhkumlar həbsxana rəhbərliyi tərəfindən tərcüməçi ilə təmin olunsunlar".

Qobustan həbsxanasında ölüm cəzası ömürlüklə əvəzlənmiş 84 məhkum cəza çəkir. Ölüm cəzasının ləğvindən sonra belə məhkumların sayı 128 nəfər olub.

İnsan Haqları üzrə Avropa Məhkəməsinin Əlikram Hümbətovun şikayəti ilə bağlı qərarında qeyd olunub ki, ölümə məhkum olunmuşların cəzalarının ömürlüklə əvəzlənməsi Avropa Konvensiyasının müddəalarına uyğundur. Avropa Məhkəməsi burada bir neçə məqama diqqət yetirib. Qeyd olunub ki, ömürlük azadlıqdan məhrumetmə cəzası bütün hallarda ölüm cəzasından yüngüldür. Bu, ağır cəza kimi qəbul edilə bilməz.

Xəbər lenti

Xəbər lenti