...

Yeni Ulduz İlhamə: "Mən altı ay deyil, dörd il ailəli olmuşam"

Cəmiyyət Materials 24 Sentyabr 2007 19:39 (UTC +04:00)

Azərbaycan, Bakı. 24 sentyabr /müx. TrendLife Şahin Cavadsoy/

Şou dünyasında yeni səntçilərin "mən də varam" deməsinə adət etmişik. Etiraf etmək lazımdır ki, çox vaxt özündən razı gənclərin birincilik iddiaları yersiz olur. Amma aralarında elələri də var ki, onların səhnədə olması tamaşaçılara mənəvi qida verməklə bərabər, zövqlərinin korlanmamasında müstəsna rol oynayır. "Yeni Ulduz" mahnı müsabiqəsinin qaliblərindən biri olmuş İlhamə Qasımovanı məhz belə səntçilərdən hesab etmək olar.

-İlhamə, görüşümüz Müqəddəs Ramazan ayına təsadüf etdiyindən, ilk sualımızı Tanrıdan dilədiyin niyyətlərindən başlamaq istəyirik. Dualar edərkən nə istəyirsən Allah-Təaladan?

- Birinci növbədə bütün xalqımıza can sağlığı, əmin-amanlıq və xoşbəxtlik arzulayıram. Özümə gəldikdə isə, həmişə Ulu Yaradandan günahlarımın bağışlamasını arzulayıram.

- Çox günah işlətmisən?

- Elə bir insan tapılmaz ki, onun günahı olmasın. O cümlədən mənim də. Əgər kimisə nahaqdan acılamışamsa, kiməsə paxıllığım tutubsa, dinimizdə bu çox böyük günah hesab edilir.

- Bilirik ki, sən "Yeni Ulduz" a qatılmamışdan öncə, "Bakı Payızı" mahnı müsabiqəsində iştirakçı kimi professional səhnəyə gəlmisən. Peşman olmadın bu yarışmaya qoşulmaqda?

- Bəli, "Bakı Payızı-2000" mahnı müsabiqəsinin nominantlarından biriyəm. Düzdür , o vaxtlar "Yeni Ulduz"a qatılmaq istəyimi reallaşdırmaq istəmirdim. Elə bil utanırdım, yeniyetmə uşaqlarla eyni səhnəni paylaşmağa. Amma 16 həftə öz reklamım üzərində işləmək vadar etdi ki, bu layihədən kənarda qalmayım. Sadəcə olaraq, sonrakı fəaliyyət o qədər də yaxşı olmadığında, yaradıcılığımda yetərincə lənglik yarandı. Ümumilikdə götürəndə isə, heç də peşman deyiləm. Əksinə...

- "Yeni Ulduz"la söhbətləşəndə elə bir təəssürat yaranır ki, bu cəbhədə o qədər də mehribanlıq hökm sürmür. Razısan?

... (susur) Vallah, mənim heç kimlə pis münasibətim yoxdur. Bilməyənlərə deyim ki, "Yeni Ulduz"dan tanınan beş iştirakçı - Aygün, Xalid, Aydın, Elvin və mən "SOY production"da qalıb işləyirdik. Adlarını sadaladığım və eləcə də digər finalçılarla dostluğumuz var. Amma mənimlə müqayisədə onlar hələ uşaqdırlar. Yəni, biri-birilərinə gah geyimlərində, gah oxu tərzlərində səhv tutmağa çalışırlar. Dəfələrlə mənə də belə sözlər deyənlər olub. Lakin belə şeylərə qətiyyən fikir vermirəm. Çünki, belə şeylər insanı qocaldır.

- "SOY production"dan ayrılmağına necə şərh verə bilərsən? Doğmalıq ögeyliyə çevrilməyib ki?

-Ən əsas səbəb "SOY"la işləyən gənclərin sayının çox olması idi. Bir məsələ də var ki, harada işləyirsənsə, mütləq oranın qanunlarına tabe olmalısan. Yəni, birinci yer tutduğumdan, borcum idi ki, onlarla işləyim. Dediyim kimi, biz az olsaydıq, işlərimiz də yaxşı olardı. Məsələn Xalidə, Rəcəbə. Aygünə klip çəkildi. Mənə də klip çəkilməli idi. İki il onlarla çalışdım. Amma, qərar verdim, solo karyerama özüm başlayım. Bir də, 18-20 yaşım yoxdur ki. oturub, nələrəsə ümid bəsləyim. Bəli, maddi sıxntılarımın ucbatından da "SOY"dan ayrıldığımı deyə bilərəm.

-İndi münasibətləriniz necədir?

- Çox yaxşı. Müstəqil fəaliyyətə başlasam da, yenə də bu prodakşınla səmimi münasibətlərimizi davam etdiririk.

- Sən həm də bəxti gətirən müğənnilərdənsən ki, yanında Mikayıl Hüseynov kimi menecer fəaliyyət göstərir.

- Əlbəttə. Mikanın gücünə və istedadına yaxşı bələdəm. Əminəm ki, çox qısa vaxt ərzində işlərimizi səhmana salıb, yaradıcılığımda nəzərə çarpacaq yeniliklərə imza atacağıq. Təki sağlıq olsun.

-Yəqin özün də inkar etməzsən ki, səni geniş tamaşaçı auditoriyasına daha yaxından tanış edən "Maşın" realiti-şousunda iştirakçı olmağın oldu. Bildiyimiz qədər, bir ev də qazanmışdın.Nə səbəbdən həmin evdə yox, kirayədə yaşayırsan?

- Bəli, o ev var idi. 90 kv.m sahəsi olan bir mənzili mənə hədiyyə etmişdilər. Sadəcə, binanın yerləşdiyi məkan Yeni Yasamalda olduğundan, mənzili satıb, Mətbuat prospektindəki yeni tikilidən 74 kv.m-lik ev aldım. Amma mənzilin kifayət qədər təmirə ehtiyacı var. Açığı, o qədər pulum yoxdur ki, təmirə günü bu gün başlayım. İstəyirdim ki, bu evi də satıb, 2 otaqlı bir mənzil və maşın alım. Çünki, taksilərə pul xərcləməkdən cana doymuşam. Amma təəssüf ki, bu fikrə düşəndə, yeni tikilən binalardan bir çökdü. Və həmin mənzillərin satış qiyməti kəskin şəkildə aşağı düşdü. Ona görə də gözləyirəm. O ki qaldı kirayədə qalmağıma, yəqin vaxtı çatanda ürəyim istəyən mənzilə köçüb, bu problemdən də qurtularam.

- Səsini yox, amma səhnədəki ampluanı çox vaxt əməkdar artist Zülfiyyə Xanbabayevaya bənzədirlər. Eşitdiklərimiz nə dərəcədə həqiqətə yaxındır?

- Milyon faiz bu belədir. Ümumiyyətlə, sirli qalmağı hər bir xanım bacarmalıdır. Sevindirici haldır ki, məni məhz Zülfiyyə xanıma bənzədirlər. Bəlkə də mən Z.Xanbabayevanın bir nömrəli fanatı olmuşam. O ki qaldı , qapalı olmağıma, məncə, hər bir insanın sirri özünə aid olmalıdır.

- İlhamə, söz-söhbətlər gəzib dolaşır ki, illər öncə ailəli olmusan. Və bir qız övladın da var...

-Ürəyimdən keçən bir açıqlamanı məhz TrendLife-la bölüşmək istəyirəm. Qızım- filan yoxdur. Hamı sual verir ki, övladım necədir. Şok açıqlamamı edib deyirəm ki, evli olmuşam. Özü də altı ay yox, düz dörd il. Elə problemlər üzündən ailəm dağılıb.

- Şəxsi həyatında baş vermiş hadisələri niyə görə gizli saxlayırdın?

-Əgər səhnə gəldiyim gündən hamıya desəydim ki, ailəli olmuşam, bu bir az başqa cür başa düşüləcəkdi. Bir növ, özümü sıgörtalamaq məqsədi ilə, susmağa üstünlük vermişəm. Özü də belə deyirlər ki, hər boşanan qadın səhnəyə can atır. Bu sözü eşitməkdən də çox qorxmuşam. Mən 17 yaşında ailə qurmuşdum. İndi isə 31 yaşındayam. Bu, illər öncə baş verdiyindən, o günləri acı bir xatirə kimi yaddaşımdan silmək istəyirəm...

Xəbər lenti

Xəbər lenti