...

Fəxriyyə Xələfova: "Biz neçə ili boş yerə itirdik"

Cəmiyyət Materials 27 Sentyabr 2007 12:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr /müx. "Trendlife" Səbinə Haşımova/ Sentyabrın əvvəlində İstanbulda səfərdə olan Fəxriyyə Xələfova bu ölkəni zəngin təəssüratlarla tərk edib. Hazırda növbəti səfərinə hazırlaşan modelyer səfər qabağı verdiyi müsahibəsində son zamanlar moda aləmində baş verənlərdən, vaxtilə özünün maniken olmaq arzusundan və Azərbaycanda ənənəvi keçirilən "Best model" yarışmasının uğursuzluğundan "TrendLife"a danışdı.

- Fəxriyyə xanım, reklam bazarında öndə olmaq üçün nə etmək lazımdır?

- Son zaman baş verən hadisələri nəzərə alsaq, deyə bilərəm ki, gözəl başlanğıc var. Mən onun tərəfdarıyam ki, əvvəlcə ideya yaransın. Belə olmalıdır ki, sonrakı proseslər daha rahat və nəticəli olsun. Nəticə deyəndə, hansısa beynəlxalq tədbirlərdə iştirak edərək uğurlar qazanmağı nəzərdə tutmuram. Hansısa bir mərhələni keçmək tələb olunur. Söhbət təkcə laureat olmaq və ya diplom qazanmaqdan da getmir.  Fikirləşirəm ki, müxtəlif sahələrdə olan insanlar uğurlar əldə edə bilər və edirlər də. Reklam işinin xususiyyəti isə fərqlidir - burada hansısa imici ortaya qoyursan. Ən azından, dünya şöhrətli firmaların reklamına baxanda zövq alırıq və ən yaxşısını istifadə etdiyimizə əmin oluruq. Nüfuz çox vacib məsələdir. 2006-cı ildə Avropada keçirilən tədbirdə nüfuz və keyfiyyətdə lider İsveç şirkəti seçilmişdi. Amma bu, birdən-birə olmur. Çoxlu işlər görmək lazımdır. Düşünürəm ki, beynəlxalq tədbirlər nə qədər çox olsa, daxili keyfiyyətimiz də o qədər çox olar.

- Sizin uğurlarınızda bu tədbirlərin rolu olub?

- Əlbəttə ki olub. Uğurlarımın arxasında 10-a qədər beynəlxalq tədbirdə iştirakım durur. Onlar olmasaydı, indiki səviyyəm qat-qat aşağı olardı. Yəni bu səviyyə ordan alınan təcrübənin nəticəsidir. Həmin mərasimlərdə iştirakım mənim üçün çox faydalı oldu. İndi bu təcrübəni başqalarıyla bölüşürəm.

- Bu günə qədər modelyer kimi tanınmısınız. Maraqlıdır, siz özünüz hansısa reklamın siması olmağı arzulayırsınız?

- Bu haqda heç danışmamışam. Amma ilk dəfə olaraq etiraf edəcəm. Hələ institutda oxuduğum vaxtlarda, 18-20 yaşlarında olanda həmişə məlumatlı olmağı xoşlamışam. O vaxt internet yox idi və məlumatı jurnallardan alırdıq. Jurnalların birində oxudum ki, "KristianDior" Moda Evi reklam üzü axtarır və dünyaya car çəkir ki, onlara təbii yaşıl gözlər lazımdır. Ümumiyyətlə, bütün dünyada deyirlər ki, yaşıl gözlü insanlar cəmi 10 faizdir. Mavi göz çoxdu, amma təbii yaşıl gözlərə az rast gəlinir. Düşündüm ki, kaş ki, Fransada olar və o müsabiqəyə qatılardım. O vaxt 18 yaşım var idi və qatılsaydım, yaşıl gözlərim mütləq mənə uğur qazandıracaqdı. Amma bu gün fikirləşirəm ki, bəlkə də belə olmalıydı. Öz simamı, yaşıl gözlərimi özüm üçün istifadə etməliydim. Yəni ancaq və ancaq Fəxriyyə Xələfova markasının siması ola bilərəm. Artıq mən başqa yollar axtarmaq istəmirəm, təklif də gəlsə, imtina edərəm. Çünki indi özüm özümlə müqavilə bağlamışam. Dosyelərimin, SD disklərin hamısının üzündə özüməm və həmin şəkillər çoxlarının xoşuna gəlir.

- Sentyabrın əvvəllərində İstanbula baş tutan səfərinizdən deyəsən razı qalmısınız?

- Həmin səfərim yenilik oldu. Amma vaxt azlığından bu haqda hələ məlumat verə bilməmişəm. Sentyabrın 1-də mən İstanbuldaydım. Orada bir neçə moda tədbiri keçirilirdi. 1-ci moda həftəsi və moda sərgisi oldu. Hansındakı mən fevral ayında iştirak etmişdim. Bu dəfə ancaq qonaq qismində iştirak etdim. Əslində, iştirakçı kimi dəvət etmişdilər, amma işim çox olduğundan tədbirə hazırlaşa bilməmişdim. Bir də ən əsası İstanbulda ənənəvi moda günləri keçirilirdi və o çərçivədə hamıya yaxşı məlum olan "Best model of the world" beynəlxalq müsabiqənin 20 illiyi keçirilirdi. Tədbir mükafatlandırmadan ibarət idi. Türkiyənin ən tanınmış markaları, müğənniləri, modelləri burada iştirak edirdi. Gecədə mən və türk iş adamı Nahid Kabaqçı "Kristal şərəf" ödülü aldıq. Bu ödülü "Best model of the Azərbaijan"ın ilk təşkilatçıları biz olduğumuza görə verdilər. Yəni Nahid Kabaqçı müsabiqəni Azərbaycanda tanıdıb, mən isə reklam hissəsini həyata keçirmişəm. Orada siyahı da dərc olunmuşdu və bu siyahıda bu illər ərzində baş tutan müsabiqədə qalib gələn ən parlaq modellərin adları qeyd olunmuşdu. Hansılar ki, indi həm Türkiyədə, həm də dünya miqyasında çox tanınırlar. Çox sevindim ki, orada Azərbaycanın təmsilçisi Sevda Əliyevanın da adı vardı. Hər nailiyyət bu ölkənin reklamı deməkdir. Bütün bunlar məni çox sevindirir. Amma üzüldüyüm məqam da var idi. Müsabiqədə  qaliblərin paradı da oldu və bu paradda bir-iki il ərzində qalib gələn modellər çox gözəl geyimlərdə ödül aldılar. Amma azərbaycanlı olmadı. Azərbaycanda keçirilən 4-5 "Best model"in heç bir nəticəsi olmayıb. Təşkilatçılar səy göstərmədilər ki, biz də orada qalib olaq. İşin bu tərəfinə heç bir diqqət yetirilmirdi. Heç iştirakçıları hansı münsiflər heyətinin seçməsi, hazırlıq işinin necə getməsi işinə də diqqət yetirilmirdi. Axı bu şou və ya  konsert deyil. İnsanlar burada yarışırlar ki, qalib olsunlar. Qalib olanı da hazırlamaq lazımdır. Bu 4 ildə qaliblərimiz olsaydı, hazırda onlar da dəvət olunacaqdılar. Tədbir çox nüfuzlu idi. Mərasim Türkiyənin ən görkəmli simalarının toplaşdığı Doğma Bağçasarayda keçirilirdi. Mənə ən çox təsir edən odur ki, 4 il müsabiqə keçirilsə də, heç kim sual vermədi ki, tədbir niyə görə bu səviyyədə keçirilir. Ancaq mənasız qalmaqal və söz-söhbət oldu. Qalib olanın nəyə görə birinci olduğu da məlum deyildi. Biz birinci dəfə bu müsabiqəni bura gətirib, gözəl tanıtmışdıq. Hamıda gözəl rəy formalaşmışdı. Amma  neçə ili boş yerə itirdik. Qeyri-peşəkar hazırlaşmaq və iştirak etmək ancaq uğursuzluğa gətirib çıxarır. Beynəlxalq təşkilatlar öz yerindədi və tədbirlərini keçirirlər. Ancaq biz qalırıq kənarda.

- Bu layihənin Azərbaycanda bundan sonra səviyyəli keçirilməsi üçün hansısa addımlar atacaqsınız?

- Müsabiqəni keçirən birinci biz olduq və çox gözəl də keçirdik. Həmin vaxt mən istəyimə nail oldum. İstəyim o idi ki, Azərbaycan birinci yeri qazansın. Qalibiyyət və məğlubiyyət olan tədbirdə qalibiyyət üçün çalışmaq lazımdır.  İstanbulda 2001-ci ildə münsiflər heyətinin üzvü də olmuşam. Amma bizdə hər kəs çalışdı ki, özü üçün mənfəət qazansın. Üstündən 7 il keçib və bu gün belə nəticəyə gəldim ki, bundan heç kim heç nə qazanmadı. Nə təşkilatçılar nəsə əldə etdi, nə də Azərbaycan bir ölkə olaraq bundan yararlandı.  Bu işin keyfiyyəti çox aşağı duşdüyündən qaldırmaq çətin olacaq. Hər bir halda bizim o vaxtkı nailyyətimiz olmasaydı, Azərbaycan İstanbuldakı tədbirdə təmsil olunmayacaqdı.

Xəbər lenti

Xəbər lenti