...

Bakıda binanın uçmasında partlayış fərziyyəsi təsdiqini tapmayıb (video)

Cəmiyyət Materials 1 Oktyabr 2007 12:00 (UTC +04:00)
Bakıda binanın uçmasında partlayış fərziyyəsi təsdiqini tapmayıb (video)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Bakıda Murtuza Muxtarov küçəsi 185 ünvanındakı binanın uçmasında partlayış fərziyyəsi təsdiqini tapmayıb. Bunu jurnalistlərə açıqlamasında baş prokurorun birinci müavini Rüstəm Usubov deyib.

Usubov bildirib ki, partlayış versiyası istintaq tərəfindən araşdırılıb və sübuta yetirilməyib.

Usubovun sözlərinə görə, iş üzrə təyin olunmuş ekspertizaların rəyi məlum olandan sonra təqsirkarların dairəsi dəqiq müəyyən olunacaq və istintaq tərəfindən konkret addımlar atılacaq.

Hazırda istintaq binanın birinci, ikinci və dördüncü korpuslarının sakinlərinin ifadələrini alır. Hadisə zamanı ölənlərin qohumları və xəsarət alanlar zərərçəkmiş qismində tanınıblar. Usubov hadisə ilə bağlı beş nəfərin həbs olunduğunu deyib.

28 avqust 2007-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 185 saylı ünvanda "Mütəfəkkir" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilən on beş mərtəbəli yaşayış binası tamamilə uçmuş, nəticədə 25 nəfər həlak olub, 7 nəfər xəsarət alıb.

Faktla bağlı 28 avqust 2007-ci il tarixdə Bakı şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2 və 222-1.2 maddələrinin (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina tikmə) əlamətləri ilə cinayət işi başlanıb. İlkin istintaq araşdırmaları ilə müəyyən edilib ki, göstərilən ünvanda Bakı şəhər İcra Hakimiyyəti başçısının 30 noyabr 1994-cü il tarixli 1673 saylı sərəncamı ilə Azərbaycan Sənaye İnvestisiya və Səhmdar Kommersiya Bankına və "Mütəfəkkir" kooperativinə yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsi həmin məqsəd üçün "Mütəfəkkir" müəssisəsinin adına rəsmiləşdirilib. Həmin sərəncamın yalnız tikintinin lahiyələşdirilməsinə əsas verdiyinə baxmayaraq, qanunvericilikdə nəzərdə tutulmuş qaydada şəhər İcra Hakimiyyətinin Dövlət Memarlıq-Tikinti Nəzarət Müfəttişliyindən müvafiq icazə alınmadan, tikinti obyektinin işçi lahiyə sənədləri aidiyyəti orqanlarla razılaşdırılmadan "Mütəfəkkir" MMC-nin baş direktoru Muradov Əli Məhəmməd oğlu qanunun tələblərini kobud surətdə pozaraq 2002 - ci ildən özbaşına binanın inşasına başlayıb. Törətdiyi əməllərə görə Əli Muradov, Əli Əliyev, Fərhad Həsənov, Qədir Səlimov və Bakı şəhər İcra Hakimiyyətinin idarə rəisi Akif Məhərrəmov Cinayət Məcəlləsinin 222.2 və 222-1.2 maddələri ilə təqsirli bilinərək həbs olunublar.

Xəbər lenti

Xəbər lenti