...

Bələdiyyə deyir "tik", Nəqliyyat Nazirliyi deyir "sök"!

Cəmiyyət Materials 1 Oktyabr 2007 11:55 (UTC +04:00)
Bələdiyyə deyir "tik", Nəqliyyat Nazirliyi deyir "sök"!

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/

Bələdiyyənin icazəsilə tikilən "qanunsuz" evlər sökülərsə, sahibləri nə etməli?

Elmira Xələfova Bakı şəhəri, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, ev 9A-da yaşayır. Yaşadığı və qeydiyyatda olduğu evin dəmir yolunun təhkim zolağına düşdüyündən sökülməsi nəzərdə tutulub. Biləcəri Dəmir Yolu Stansiyasından Xələfovaya göndərilən xəbərdarlıqda anasına məxsus evin qanunsuz tikili olduğu üçün kompensasiya ödənilmədən söküləcəyi bildirilir. Elmira Xələfova bildirib ki, yaşadığı ev 80 il əvvəl tikilib. O, həmin evdə anası və 2 azyaşlı qızı ilə birgə yaşayır. 3 il əvvəl yaşadıqları evdə qeydiyyata alınıblar.

Təqribən 2 ay öncə Biləcəri Dəmir Yolu Stansiyasının işçiləri polis əməkdalşlarının müşayəti ilə ərazidə yerləşən evlərin hasarlarını sökməyə başlayıblar. Elmira xanıma məxsus həyətin daş hasarını sökərkən onunla polislər və dəmir yol stansiyasının əməkdaşalrı arasında insident yaranıb və mübahisə hətta, tərəflər arasında əlbəyaxa dava ilə nəticələnib. Lakin Elmira xanım polis və dəmir yol stansiyasının əməkdaşlarına öz niyyətlərini həyata keçirməyə icazə verməyib.

"Mənim bu evdən ancaq meyidimi çıxara bilərlər".

"Deyirlər kompensasiya ödəməyəcəyik. Bizi burdan çıxarmaq istəyənlər fikirləşmirlər harada yaşayacağıq? Mənim köçməyə, yaşamağa başqa yerim yoxdu. Bizim burada qanunsuz yaşadığımızı deyirlər. İcazəsiz daşı daş üstünə qoymaq olmur, o saat bələdiyyə də, icra hakimiyyəti də xəbər tutur. Necə olur ki, indiyədək bu ərazidə aparılan tikintidən icra hakimiyyəti və bələdiyyənin xəbəri olmayıb? Amma su, qaz, işıq pulunu ödəməyi iki gün gecikdirəndə aləmi dağıdırlar. Bələdiyyə də, icra hakimiyyəti də bizim burda uzun müddətdir yaşadığımızdan xəbərdardır".

Elmira Xələfova hazırki bazar qiymətləri ilə kompensasiya ödənilməyəcəyi halda evini tərk etməməkdə israrlıdır: "Elə məbləğ versinlər ki, mən ev ala bilim. Məsələ ilə bağlı məhkəməyə müraciət edəcəm. Kompensasiya verilməsə burdan çıxan deyiləm. Mənim bu evdən ancaq meyidimi çıxara bilərlər".

Elmira xanımın anası Səfurə Xələfova 2004-cü ilin iyununda Binəqədi rayon Məhkəməsinə müraciət edərək Y.Hüseynov küçəsi 9 A saylı evdə yaşamaq hüququnun tanınması və yaşayış yeri üzrə qeydiyyata götürülməsini xahiş edib. Məhkəmənin qətnaməsi ilə Xələfovanın ailə üzvləri ilə birgə həmin evdə yaşamaq hüququ tanınıb və onların daimi qeydiyyata götürülməsi Binəqədi Rayon Polis İdarəsinin Vətəndaşların Qeydiyyatı və Şəxsiyyət Vəsiqəsi Şöbəsinə tapşırılıb.

Həmçinin, Səfurə Xələfovaya məxsus həmin evə və torpağa Biləcəri bələdiyyəsinin sədri, eləcə də torpaq şöbəsinin müdirinin imzaları ilə təsdiq olunmuş çertyoj da verilib.

Elmira xanım Azərbaycanda belə problemlə üzləşən yeganə vətəndaş deyil, bu, onun timsalında yüzlərlə ailənin problemidir.

Biləcəri Dəmir Yolu Stansiyasının ərazisində məskunlaşmış sakinlərlə söhbət zamanı bildirdilər ki, əvvəllər bu ərazilər ayrı-ayrı şəxslərə bağ sahələri kimi verilib. Evlər isə cox az olub. Lakin sonradan həmin bağ sahələrində evlər tikilib. Sakinlərin sözlərinə görə, həmin tikintilərə başlamazdan öncə bələdiyyənin, icra hakimiyyətinin razılığını alıblar: "Bələdiyyə deyir get tik, mən göz yumacam. Sonra sənədini verərik. Bu razılığı da haqqını almamış vermir."

Lakin Biləcəri Dəmir Yol Stansiyasının ərazisində yaşayan sakinlər prezident seçkilərinədək köçürüləcəklərinə inanmırlar. Onlar hesab edir ki, hakimiyyət prezident seçkilərə qədər belə problem yaratmaqda maraqlı deyil. Evlərin sökülməsi prosesinin seçkidən sonra start götürəcəyinə isə əmindirlər.

Həmin ərazidə olarkən orada böyük tikinti işlərinin aparılması diqqətimdən yayınmadı. Ərazidə sökülməsi nəzərdə tutulan evlərdən daha gözəgəlimli villalar, evlər inşa olunur. Sakinlər bildirdirlər ki, villaların tikintisindən bələdiyyənin xəbəri var və həmin tikintilərə bələdiyyə sədri icazə verib.

Nəqliyyat nazirliyi dəmir yolların ətrafında inşa olunan tikinti sahiblərinə kompensasiya ödəmək fikrində deyil

"Dəmir yolların ətrafında qanunsuz inşa olunan obyektlərin sahiblərinə heç bir kompensasiya ödənilməyəcək". Bu bəyanatla isə nəqliyyat nazirinin müavini Musa Pənahov çıxış edib. Nazir müavini qeyd edib ki, dəmir yolların ətrafında olan tikililər ilk növbədə insanların özləri üçün təhlükəlidir və onlar öz həyatlarını təhlükə altına atırlar. Çünki oradan təhlükəli yüklər keçir.

Pənahov söküləcək qanuni tikililərin sahiblərinə kompensasiya ödənilməsi məsələsinə qanunauyğun şəkildə baxılacağını deyib. Pənahovun sözlərinə görə, qanunsuz tikililərin sökülməsi eyni zamanda dəmir yolun normal fəaliyyətinə səbəb ola bilər: "Çünki baş verəcək istənilən qəza dəmir yol üçün əlavə itkilərə gətirib çıxaracaq".

Dövlət Dəmir Yolunun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, dəmir yollarının təhkim zolağında qanunsuz tikintilər davam etdiyindən tikililərin dəqiq sayını müəyyənləşdirmək mümkün deyil. Onun sözlərinə görə, təhkim zolağında 2000-ə yaxın qanunsuz tikilmiş yaşayış və qeyri-yaşayış obyekti var. Dəmir yol işçiləri isə indiyə qədər təhkim zolağından 410 obyekt söküb.

Əzməmmədov deyir ki, Nazirlər Kabinetinin 23 fevral 2005-ci il tarixli 33 saylı qərarı əsasında, iki ay öncə qanunsuz tikililərin sökülməsinə başlanılıb. İlkin olaraq qeyri-yaşayış yerləri, hasarlar söküləcək.

Evlərin nə vaxt söküləcəyinə gəlincə, idarə rəsmisi bildirib ki, hələlik bu prosesə hazırlıq gedir: "Əgər həmin evlər qanuni tikilibsə, onlara kompensasiya veriləcək. Tikililərin əksəriyyəti qanunsuz olduğundan onların sahiblərinə kompensasiya ödənilməyəcək".

Əzməmmədov təhkim zolağında tikilən evlərlə bağlı rayon icra hakimiyyətlərinə, bələdiyyələrə dəfələrlə etiraz məktubları göndərildiyini, əhaliyə tikinti üçün icazə verilməsi ilə bağlı onlara irad tutulduğunu vurğulayıb.

Əzməmmədov bildirib ki, indiyədək həmin tikililərin sökülməsinə icazə verən rəsmi sənəd olmadığından bu proses həyata keçirilməyib.

Vətəndaşların mülkiyyət hüququ Azərbaycan qanunvericiliyi və beynəlxalq hüquqi sənədlərlə qorunur.

Konstitusiyanın 29-cu maddəsinin IV hissəsində göstərilib ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Kompensasiyalar hansı əsaslarla verilməlidir?

Hüquqşünas Qurban Məmmədov kompensasiyaların verilməsini tənzimləyən ayrıca normativ aktın olmadığını və problemin Mülki Məcəllənin müvafiq maddələri ilə tənzimləndiyini bildirib. Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlarda mənzil və sair uzunmüddətli tikililərin inşasının qəti qadağan olunduğunu deyən Məmmədovun sözlərinə görə, həmin torpaqlar, sadəcə olaraq, Dəmir Yolu İdarəsinin razılığı ilə, fiziki və hüquqi şəxslərə yalnız bostançılıq və bitkiçilik məqsədi ilə qısa müddətli icarəyə verilə bilər. Həmin torpaqların ölçüləri, istifadə qaydaları və ümumiyyətlə hüquqi rejimi Nazirlər Kabinetinin 23 fevral 2005-ci il tarixli, 33 saylı qərarı ilə təsdiq edilmiş "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları" və "Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları" ilə tənzimlənir.

Qeyd olunan normalara görə, dəmir yoluna təhkim edilmiş torpaq zolağının eni yolun kateqoriyasından asılı olaraq (yollar beş kateqoriyaya bölünür), tökmə və qazma yatağının hündürlüyündən asılı olaraq 20-60 metr arasında dəyişir. Bəzi ara və dalan yollarında bu zolağın eni 7-10 metrədək ola bilər. Vəkil həmin torpaq zolaqlarının, dəmir yollarının təhlükəsizliyi və normal fəaliyyəti baxımından bu zolaqda olan tikililərin sökülməsini olduqca vacib sayır.

Ancaq Məmmədov bu prosesdə bəzi nüansların mütləq nəzərə alınmasını zəruri sayır: "Həmin zolaqda elə mənzillər var ki, xeyli müddət bundan qabaq tikilib və qüvvədə olan məhkəmə qərarları ilə vətəndaşlar həmin evlərdə pasport qeydiyyatına alınmaqla yaşayış hüququ əldə ediblər. Yaxud da, həmin torpaqlar İcra Hakimiyyəti və Bələdiyyə orqanları tərəfindən vətəndaşların icarəsinə və ya daimi istifadəsinə verilib. Hətta, mənzil tikintisi məqsədi ilə rəsmi orqanların qərar və sərəncamları ilə verilən torpaqlar da var. Belə hallarda vətəndaş yox, məhkəmələr, İcra Hakimiyyəti və Bələdiyyə orqanları daha çox məsuliyyət daşıyır. Vətəndaşı rəsmi orqanlara etibar etdiyinə görə qınamaq və cəzalandırmaq olmaz".

Müsahibim hesab edir ki, qanunlarda göstərilən qaydalara uyğun olaraq Dəmir Yol İdarəsi əlində bələdiyyə və icra hakimiyyəti orqanlarının rəsmi sənədləri olan vətəndaşlara məxsus tikililəri sökərkən, müasir bazar qiymətlərinə uyğun olaraq onlara kompensasiya ödəməlidir. Sonra isə reqres iddiası yolu ilə, həmin təşkilatlardan vətəndaşlara ödədiyi kompensasiyaları geri tələb edə bilər. Bu kompensasiya isə pulla və ya natura ilə, yəni başqa yerdə hazır mənzillərlə təmin etmək yolu ilə həyata keçirilə bilər.

Məmmədov əllərində qeyd olunan sənədlərdən heç biri olmayan vətəndaşlara qanunsuz tikdiklərini qanuna hörmət edərək özləri sökməsini məsləhət görür: "Bu halda heç olmasa bəzi tikinti materiallarını xilas edər və çox ziyana düşməzlər".

Vətəndaşların mülkiyyətinin əvəzi bazar qiymətləri ilə ödənilməlidir

Müsahibim "Dövlət və ictimai ehtiyaclar" adı altında vətəndaşlara məxsus mənzil və torpaq sahələrinin tikinti firmaları tərəfindən dəyər-dəyməzinə, bəzən hədə-qorxu, bəzən də məhkəmə qətnaməsinə bürünmüş qanunsuz yollarla alınmasını da aktual problem hesab edir. Onun sözlərinə görə, Mülki Məcəllənin 203.3-cü maddəsinə əsasən, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir (bəzi istisnalar var).

Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları və ya ictimai ehtiyaclar tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər.

"Bazar dəyəri dedikdə, inventar qiyməti yox, həmin vaxt daşınmaz əmlakın real satış qiyməti başa düşülür. Bu barədə mübahisə olduqda xüsusi qiymətləndirmə orqanları tərəfindən "Qiymətləndirmə fəaliyyəti haqqında" 25 iyun 1998-ci il tarixli Qanununa əsasən, mülkiyyətçilərin əmlakı Mülki Məcəllədə nəzərdə tutulmuş hallarda və şərtlərlə dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün alındıqda məcburi qaydada qiymətləndirilir.

Məcburi qiymətləndirmə isə Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli, 107 nömrəli qərarı ilə təsdiq edilmiş "Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydaları" əsasında aparılır.

Bakı şəhərində vaxtilə aparılmış abadliq işləri və Əzizbəyov körpüsünün tikintisi zamanı əllərində rəsmi sənədləri olan yüzlərlə vətəndaşın hüquqlarının kobud şəkildə pozulduğunu, onlara qanunda nəzərdə tutulan kompensasiyalar ödənilmədiyini yada salan Məmmədov bu məsələdə dövlətin üzərinə düşən vəzifələri yerinə yetirmədiyini deyir və bunun səbəbini qanunlarda olan boşluqlarla deyil, Azərbaycanda insan haqlarına olan hörmətsizliklə izah edir. Müsahibim vurğulayır ki, İnsan Haqları üzrə Avropa Məhkəməsinin təcrübəsində belə hallarda bir qayda olaraq vətəndaşların xeyrinə qərarlar qəbul edilib.

Vəkil Fuad Ağayev deyir ki, Torpaq Məcəlləsinin 70-ci maddəsinə əsasən? mülkiyyətdə, istifadədə və icarədə olan torpaq sahələri dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün geri alına bilər. Torpaq sahələri mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin razılığı olduqda, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı (və ya müqavilə) əsasında geri alına bilər.

Ağayev hesab edir ki, torpaqların dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün özgəninkiləşdirilməsi hansısa bələdiyyənin, yaxud yerli icra hakimiyyəti orqanının, onun başçısının istəyinə bərabər tutula bilməz. Bu barədə Nazirlər Kabinetinin konkret qərarı mövcud olmalıdır. Vəkil Ağayev Azərbaycan məhkəmələrinin bu sahədəki təcrübəsinin qənaətbəxş olmamasından təəəssüf edir: "Bir sıra hallarda məhkəmələr dövlət ehtiyacları və ictimai ehtiyaclarının mövcudluğu barədə nəinki qərar, heç bir sənəd olmadığı halda, mülkiyyətçilərin hüquqlarını pozan qərarlar qəbul edib".

Həmin Məcəllənin 84-cü maddəsinin 5-ci hissəsinin tələbinə görə, hüquqi və ya fiziki şəxsə istifadəyə verilmiş torpaq sahəsi dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün yalnız o şərtlə geri alına bilər ki, torpağı geri alan müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə həmin şəxsin arzusu ilə ona eyni ölçüdə və keyfiyyətdə başqa torpaq sahəsi ayırsın, habelə xeyrinə torpaq sahəsi geri alınan hüquqi və ya fiziki şəxs torpaqla birlikdə əldə edilmiş yaşayış, istehsal və başqa tikililərin əvəzinə yeni yerdə təzələrini tiksin və bütün qalan zərəri tam həcmdə ödəsin. "Bu sahədəki qanunvericiliyin keyfiyyəti, əlbəttə ki, suallar doğurur. Xüsusilə qanunsuz inşa edilmiş adlandırılan tikililərin statusu ilə bağlı hüquq normalarının dəqiqləşdirilməsinə böyük ehtiyac var" - deyə vəkil bildirib.

Özbaşına tikili nədir?

Ekspert-vəkil Ağayevin sözlərinə görə, Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikinti və onun nəticələrinə dair məsələləri nizamlayır. "Bu maddəyə əsasən? tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz".

Vəkil hesab edir ki, 2000-ci il sentyabrın 1-nə qədər qüvvədə olmuş Mülki Məcəllə indikindən daha yumşaq qaydalar nəzərdə tutub.

Belə ki, əvvəlki Məcəllənin 105-ci maddəsinə əsasən, vətəndaşdan yaşayış evi (bağ) və ya evin (bağın) bir hissəsi əvəzsiz olaraq alındıqda məhkəmə onu və onunla yaşayan şəxsləri bu evdən (bağdan) istifadə etmək hüququndan məhrum edə bilər. Lakin bu vətəndaşların daimi yaşamaq üçün yararlı olan başqa yaşayış sahəsi yoxdursa, alınmış evin (bağın) verildiyi yerli xalq deputatları Sovetinin İcraiyyə Komitəsi onlara başqa yaşayış sahəsi verir. Bu səbəbdən də qanunsuz adlandırılan tikintinin taleyinin həllində onun nə zaman tikilməsi məsələsi çox önəmlidir: "Belə ki, 2000-ci il sentyabrın 1-dək tikilmiş evlər barəsində keçmiş qanunvericilik tətbiq edilməlidir. Bu isə o deməkdir ki, başqa yaşayış yerləri olmayan şəxslərin həmin dövrə qədər tikdikləri evlər dövlət orqanlarının balansına keçirilməklə, həmin şəxslər mənzil hüquqlarını saxlamış olacaqlar. Belə vəziyyət bir çox hakimlərə yaranmış vəziyyətdən sui-istifadə etmək, bəhrələnmək imkanı verir. Bu səbəbdən qanunvericilikdə hüquq normalarını pozmaqla tikilmiş evlər barəsində normalar dəqiqləşdirilməlidir. O cümlədən, dövlət orqanlarının qanunsuz tikililərə rəvac vermiş, şərait yaratmış vəzifəli şəxslərinin məsuliyyəti müəyyən edilməli, vətəndaşların mənzil hüquqlarının təmin edilməsi mexanizmi qanunvericilikdə öz dəqiq əksini tapmalıdır".

Mülkiyyət hüququnun pozuntusu ilə bağlı vurulmuş ziyanı dövlət kompensasiya yolu ilə bərpa etməlidir

Ekspertlər hesab edir ki, qeyd olunan məsələ ilə bağlı gələcəkdə Azərbaycandan İnsan Haqları üzrə Avropa Məhkəməsinə şikayətlər göndərilərsə, dövlətin böyük məbləğdə cərimələnməsi mümkündür. Ekspertlər həmçinin bu sahədə qanunvericilikdə olan boşluqların aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı Avropa Məhkəməsinin qərarlarında Azərbaycana tövsiyə xarakterli qeydlərin də olacağını istisna etmirlər.

Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib ki, Azərbaycandan Avropa Məhkəməsinə göndərilən şikayətlərdən 10 faizi, kovmunikasiya olunan işlərdən isə ikisi mülkiyyət hüququnun pozuntusu ilə bağlıdır.

Avropa Məhkəməsinin qərarlarında qeyd olunur ki, vurulmuş ziyanının hüquqa zidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpası (restitusiya) yolu ilə aradan qaldırılması mümkün deyilsə, dövlət onu kompensasiya yolu ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir.

Konvensiyanın 41-ci maddəsində qeyd olunur ki, Məhkəmə Konvensiyanın və onun protokollarının pozulduğunu, lakin dövlətin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda zərərçəkənə əvəzin ədalətli ödənilməsini təyin edir.

Avropa Məhkəməsi xatırladır ki, maddi ziyanın ödənilməsinə görə ədalətli kompensassyanın forma və məbləği işin hallarından asılı olaraq müxtəlif olur və müəyyən olunan pozuntunun xarakterindən birbaşa asılıdır.

Avropa Məhkəməsi "Pelisye və Sassi Fransaya qarşı" qərarında qeyd edir ki, maddi ziyana görə ədalətli kompensasiya təyin edərkən ərizəçinin işdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə təminat verilən mülkiyyət hüququnun reallaşdıra bilməməsini rəhbər tutmalıdır. Ərizəçi Konvensiyanın təminat verdiyi hüquqla tələb olunan maddi ziyan arasında səbəbli əlaqəni sübut etməlidir.

Avropa Məhkəməsi "Eftatio və Mikailidis və Motel Amerika" Yunanıstana qarşı işlə bağlı qərarında hesab edir ki, dövlət insanın əmlakını özəlləşdirərkən bunun qaydasını müəyyən etməlidir. Yəni özəlləşdirilərkən əmlaka görə verilən kompensasiyanın məbləği, kompensasiya almağa hüququ olan şəxslər müəyyənləşdirilməli, özgəninkiləşdirmə ilə bağlı digər məsələləri həll etməlidir.

Yazı Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (CTZ) "Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi" layihəsi çərçivəsində "Mülkiyyət hüququ: Azərbaycan

qanunvericiliyi və onun tətbiqi təcrübəsi" mövzusunda müsabiqəyə təqdim olunmaq üçün hazırlanıb

Xəbər lenti

Xəbər lenti