...

Qubada aşkarlanan kütləvi insan məzarlığında 137 insanın kəllə sümüyü çıxarılıb

Cəmiyyət Materials 1 Oktyabr 2007 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın Quba rayonu ərazisində aşkarlanan kütləvi insan məzarlığında aparılan ekspertiza nəticəsində, artıq 137 insanın kəllə sümüyü çıxarılıb, bazar ertəsi Trend ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspertiza qrupunun rəhbəri Qəhrəman Ağayev bildirib. Onun sözlərinə görə, kütləvi insan məzarlığının tam araşdırılması üçün qazma işləri davam etdirilir və artıq 500 kvadratmetr ərazi qazılıb.

Aprelin əvvəllərində Qubada yeni şəhər stadionu tikilən zaman kütləvi insan məzarlığı aşkarlanıb. Bundan sonra ekspertiza qrupu yaradılıb və ilkin olaraq 100 kvadratmetr ərazi qazılaraq, 50-yə yaxın insan sümüyü müəyyənləşdirilib. Ekspertiza qrupunun üzvləri və tarixçilər kütləvi insan məzarlığının 1918-ci ildə ermənilərin Qubada azərbaycanlılara qarşı törətdikləri soyqırım nəticəsində yaradıldığını bildiriblər. Öldürülənlər arasında dağ yəhudilərinin də olduğu qeyd edilir. Araşdırmalar başa çatdırıldıqdan sonra həmin ərazidə soyqırım abidəsi ucaldılacaq.

Ağayev bildirib ki, təmiz skeletlər müəyyən olunmadığından, onların sayını dəqiqləşdirmək olmur. Ona görə də, rəsmi say ancaq çıxarılan kəllə sümüklərinə əsasən müəyyənləşdirilir. Ekspert insan sümüklərinin sayının artacağını proqnozlaşdırır. Onun sözlərinə görə, ərazinin şərq-qərb hissəsində qazma işləri başa çatdırılıb. İndi cənub hissədə qazma işlərinə başlanılıb. Ağayev cənub ərazidə artıq 3 insanın kəllə sümüyünün aşkarlandığını deyib.

Quba paytaxt Bakıdan 170 kilometr şimalda yerləşir.

Xəbər lenti

Xəbər lenti